Həkim olmaq üçün oğurluq edən keçmiş məhkum yaxalandı
Abşeronun Digah qəsəbəsində oğurluq hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, belə ki, Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə qəsəbənin həkim ambulatoriyasından oğurluq edilməsinə dair məlumat daxil olub.
Aparılan araşdırma zamanı məlum olub ki, oğurluğu Digah qəsəbə sakini 30 yaşlı Kazım Cavadov törədib.
Saxlanılan şəxs övladlarını müayinə etdirmək üçün həmin ambulatoriyaya tez-tez gəldiyini və oğurluğu törədən zaman içəri pəncərədən daxil olduğunu bildirib.
O, həkim ambulatoriyasından bir ədəd noutbook, içərisində lazımi sənədlər olan yaddaş kartı, hərarət, şəkər və təzyiq ölçən aparatlar, müxtəlif dərman preparatları, spirt, həmçinin digər tibbi ləvazimatlar götürüb.
Daha əvvəl məhkumluq həyatı yaşayan və ixtisasca inşaatçı olan Kazım Cavadov həkim olmaq üçün tibbi ləvazimatları oğurladığını bildirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.