Həkim: “Xidmət sektorunda çalışanların peyvəndlənməsi çox önəmlidir”
Bir ildən çoxdur bütün dünyanı cənginə alan koronavirus milyonlarla insanın ölümünə, daha çoxunun isə xəstələnməsinə səbəb olub.
APA TV-nin məlumatına görə, ölkəmizdə 281 mindən çox insan koronavirusa yoluxub, 4 minə yaxın insan bu bəlanın qurbanı olub.
Ən pisi də odur ki, sözügedən virus günbəgün artmaqda davam edir. Aparılan araşdırmalar, laborator müayinələr və həkim rəyləri göstərir ki, bu ümumbəşəri bəlanın qarşısını almağın ən optimal yolu kütləvi şəkildə peyvənd olunmaqdır.
Azərbaycanda da vaksinasiya prosesinə başlanılıb. Cəmiyyətin vaksinasiyaya münasibəti birmənalı olmasa da, peyvənd olunanlar da az deyil. Ən azından apardığımız sorğu belə deməyə əsas verir:
- Peyvəndlənməyə normal baxıram. Mən bir dəfə vaksinasiyada iştirak etmişəm. İkincisi aprelin 27-də olacağam. Cüzi də olsa, səhhətimdə problem yarandı. Amma indi keçib gedib. Sanki özümü bir az virusa yoluxmuş kimi hiss etdim. Bu da normal haldır, keçib getdi. Amma mən koronavirus keçirməmişəm.
- Mən özüm peyvənd olunmuşam. Hər iki mərhələdə iştirak etmişəm. Çox əla, çox yaxşı baxıram bu işə. Mən heç kim məcbur etmədi. Özüm könüllü olaraq getdim. Özü də vaksinlər ölkəmizə gələn günün səhəri getdim vaksin olunmağa.
- Mənim vaksinasiyaya münasibətim çox müsbətdir. Mən artıq 2 dəfə peyvənd olunmuşam. Səhhətimdə heç bir dəyişiklik olmayıb. Hər şey yaxşıdır.
- Vaksinin heç bir fəsadı yoxdur. Mən könüllü şəkildə gedib peyvənd olunmuşam. Özümü də çox gözəl hiss edirəm.
- Peyvənd lazımlıdır, yaxşıdır. Mən gedib 2 dəfə peyvənd olunmuşam. Özümü də yaxşı hiss edirəm. Elə bil ki, heç bir ziyanı olmadı mənə. Hiss etmədim heç. Hamı gedib peyvənd olunmalıdır ki, bu millət yazıqdır.
- Hamı peyvənd olunmalıdır. Mən vaksin vurdurmamışam. Hələ iş yerimdən təklif olunmayıb. Amma bu ona baxmır, hamı gedib könülllü şəkildə peyvənd oluna bilər.
- Peyvəndi hamı vurdurmalıdır. Mən özüm koronavirusa yoluxdum. Amma tezliklə sağaldım. 6 ay keçəndən sonra mən də peyvənd olunacağam. Məncə, hamı vurdurmalıdır.
- Bu, artıq zəmanənin tələbidir. Mən xaricə gedib gəlirəm. Mənə peyvənd mütləq lazımdır. Vaksin vurdurmasan, xeyri yoxdur. Yaş həddinə görə hələ mən bu prosesdə iştirak etməmişəm. Tələb olunsa, peyvənd olunacağam.
Koronavirusla mübarizənin ön cəbhəsində dayanan Yeni Klinikanın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirir ki, COVID-19-un qarşının alınmasında peyvənd olduqca önəmlidir və bundan qorxmaq lazım deyil: “Artıq tibb işçilərinin çoxu COVID-19-a qarşı peyvəndlənib. Biz öş müşahidələrimizlə ciddi bir yan təsir görməmişik. Tam əksinə olaraq həkim və tibb bacıları arasında xəstələnmə sayı xeyli azalıb. Xəstələnənlər olsa belə, bu xəstəliyi ağır formada keçirmirlər”.
İctimai iaşə obyektlərində, kafe və restoranlarda, ümumiyyətlə, xidmət sektorunda çalışan şəxslərin vaksin olunması çox önəmlidir. Həkim bildirir ki, son günlər koronavirusa yoluxan insanlar bu sahələrdə çalışan vətəndaşlardır: “Çünki burada çalışan insanlar, personal həm özləri yoluxa bilər, həm də yoluxduqdan sonra gedib bu xəstəliyi öz əzizlərinə keçirə bilərlər. Eləcə də çalışdığı iş yerində də ayrı-ayrı şəxsləri yoluxdurma ehtimalı mümkündür. Ona görə bu şəxslərin də dövlətin təklifi olaraq peyvəndlənməsi vacibdir. Bu, birmənalı şəkildə zəruridir”.
Həkimin sözlərinə görə, bu sahədə çalışan şəxslər olduqca diqqətli olmadırlar: “Restoranlarda, kafelərdə və digər bu tip obyektlərdə işləyən insanlar arasında da yoluxma halları var. Son günlər müraciətlər bir az da artıb. Ona görə də şablon halına gələn qoruma üsullarından – dezinfeksiya məhlullarından, maskadan istifadə, mümkün qədər sosial məsafənin gözlənilməsi, eləcə də effektiv metod olan peyvəndin vurulması bu şəxslər üçün çox vacibdir”.
Məlumat üçün bildirək ki, ölkəmizdə koronavirus əleyhinə vaksinasiyaya bu ilin yanvar ayının 18-dən könüllülük əsasında başlanılıb.
Həmdiağa Məcidov,
Faiq Həsənov,
APA TV