Həkimlərə peyvənd vurulması davam edir
Ötən gündən etibarən ölkə üzrə COVID-19 xəstəliyi əleyhinə vaksinasiya prosesinə başlanılıb.
APA TV-nin xəbərinə görə, vaksinasiya ilk növbədə yüksək riskli əhali qrupları arasında aparılacaq ki, bunun da ilkin mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslərin peyvənd olunması nəzərdə tutulur. Eyni zamanda, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət arasında da peyvəndlənmə prosesi həyata keçiriləcək:
2 saylı poliklinikanın baş həkiminin müavini Şahin Quliyevin sözlərinə görə, vaksinlərin dozalanması iki mərhələdə aparılır: “Yəni ilkin mərhələdə vurulduqdan sonra 14-21 gün aralığında yenidən ikinci dozası vurulur. Birinci vaksindən sonra bədəndə lazım olan antitellər yaranır. İkinci doza vurulduqda isə bu müqavimət bir daha möhkəmlənir. Bu peyvəndlənmə ölüm hallarının qarşısının azaldılmasına, xəstəliyin yüngül keçirilməsinə xidmət edir”.
Həkim deyir ki, vaksin vurulan yerdə ola bilər qızartı, səpkilər əmələ gəlsin, eyni zamanda bədəndə ümumi halsızlıq və hərarətin artması da mümkündür. Bunlardan qorxub panikaya düşmək isə qəti yolverilməzdir. Müəyyən müddət keçdikdən sonra sadalanan simptomlar aradan qalxacaq: “Əsas odur ki, vaksin olunan yerə bir müddət su vurmaq olmaz. Həm də soyuğa vermək qətiyyən yolverilməzdir. Bu zamanda vətəndaşlar özlərini qorumalı, gigiyena qaydalarına əməl etməlidirlər”.
Belə bir deyim var “həkim sağlam olmalıdır ki, xəstələr də sağlam olsun”. Bu prinsipi əsas tutan həkimlər arasında öz sağlamlıqlarını qorumaq üçün könüllü olaraq peyvənd olunanlar da az deyil:
- Peyvənd vurdurdum. Hələ ki, özümü yaxşı hiss edirəm. Hər bir insanda xroniki xəstəlik var. O peyvəndin vurulmasında əngəl törətmir. Hazırda özümü yaxşı hiss edirəm. Özüm allergiyalı şəxsəm, amma hazırda hər hansı bir narahatlığım yoxdur. Bir saat ərzində özümüzü müşahidə edəcəyik. Əgər hər hansı bir vəziyyət yaranarsa o zaman burda olan həkimlər bizə yardım edəcək. İnanıram ki, hər şey qaydasında olacaq.
- Uzun müddətdir ki, xroniki ağ ciyər xəstəliyim var. İlk gündə bir qədər tərəddüd etsəm də, bu gün peyvənd olunmaq qərarına gəldim. İndi özümü rahat hiss edirəm.
- 30 dəqiqə əvvəl vurdurmuşam peyvəndi. Hələ ki, heç bir simptom hiss etmirəm özümdə. Hər şey qaydasındadır.
2 saylı poliklinikanın baş həkiminin müavini Şahin Quliyev deyir ki, kəskin qan xəstəlikləri zamanı, qıc olma, epilepsiya, ağır onkoloji xəstəlikləri olan şəxslərə peyvənd vurulması nəzərdə tutulmur: “Eyni zamanda, hamilə qadınlara, süd verən analara və yaşı 18-dən aşağı olan şəxslər arasında peyvəndlənmə aparılması məsləhət görülmür. Lakin xroniki xəstəlikdən müalicə alan şəxslər müalicəsini başa vurduqdan sonra bu aksiyaya qoşula bilərlər”.
2 saylı poliklinikanın şöbə müdiri Solmaz Tağıyeva deyir ki, peyvənd vurulduqdan sonra da özünü qorumalıdır: “Bu profilaktik tədbirlərdir. Peyvənd vurulan şəxslərin hamısı mütləq tibbi maska taxmalı, məsafə saxlamalıdır. Peyvənd vurulan şəxslər yenidən bu virusa yoluxsa o zaman yüngül keçirəcək. Ona görə peyvənd mütləq zəruridir”.
Qeyd edək ki, vaksinasiyanın ikinci mərhələsində tibbi cəhətdən yüksək risk qrupu - tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olan şəxslər, 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin, poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin, eləcə də bank sektorunun birbaşa əhali ilə təmasda olan əməkdaşları arasında könüllü olaraq peyvəndlənmə aparılacaq.
İlahə Vəliyeva,
Əli Ələkbər,
APA TV