Hərbi Hava Qüvvələrinin aviasiyası taktiki-uçuş təlimləri keçirib
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) cəbhə və ordu aviasiyasının döyüş atışlı taktiki-uçuş təlimləri keçirilib.
APA TV-nin xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hərbi pilotların döyüş bacarıqlarının təkmilləşdirilməsi məqsədilə Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq keçirilən təlimlər çərçivəsində Hərbi Hava Qüvvələrinin döyüş aviasiyasının təyyarəçiləri praktiki atışlar icra ediblər.
Pilotlar hava hücumundan müdafiə vasitələrindən yayınaraq və ərazinin relyefindən istifadə edərək müxtəlif yüksəkliklərdə manevr etməklə şərti düşmənin döyüş mövqelərini bombardman ediblər. Bununla yanaşı, şərti düşmənin komanda və müşahidə məntəqələri, artilleriya atəş mövqeləri, müşahidə postları, habelə zirehli maşınlarını təqlid edən tək və qrup hədəfləri məhv edilib.
Təlimlər zamanı pilotlar şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər.