Hərraca çıxarılmış evlərdən 5-i satılıb, 1-i isə hazırda hərracdadır

 

Qeyri-qanuni vəsaitlər hesabına alınan və ya inşa edilən mülklər, əmlaklar cinayətin üstü açılanda dövlət tərəfindən müsadirə olunur. Bəs bu evlərin aqibəti necə olur? Azərbaycan qanunvericiliyində bu prosedur necə tənzimlənir? Mövzu ilə bağlı hüquqşünas Şamil Paşayev bildirdi ki, müsadirə ilə bağlı məhkəmə qərarı qəbul olunmalıdır. Bundan sonra isə icra məmuru tərəfindən evin qiymətləndirilməsi aparılır və bununla bağlı Maliyyə Nazirliyinə məlumat verilir. Hüquqşünas onu da bildirdi ki, müsadirə olunan obyektlə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqdan sonra heç bir halda həmin ev təqsirləndirilən, məhkum olunmuş şəxsə qaytarılmır. Həmin evlər daşınmaz əmlakın dövlət reyestr xidmətilə icra məmuru tərəfindən maliyyə nazirliyinin, yəni Azərbaycan Respublikasının (dövlətin) balansına keçir. Məhkəmə qərarıyla müsadirə edilmiş, dövlətə qaytarılmış evlərin aqibəti necə olur, hərraca çıxarılırmı? Son 5 ildə sözügedən bu prosedurda nə qədər ev olub? Bununla bağlı Maliyyə Nazirliyinə sorğu göndərsək də, təəssüf ki, 10 gün ərzində heç bir cavab ala bilmədik. Eyni suallarla Ədliyyə Nazirliyinə göndərdiyimiz sorğuya isə qurumdan bildirildi ki, bununla bağlı onlarda statistika yoxdur. Amma “əmlakların müsadirə olunması ilə bağlı məhkəmə qərarlarının icrası zamanı əmlaklar aidiyyəti üzrə qiymətləndirilərək hərrac vasitəsilə həyata keçirilməsi məqsədilə icra məmurunun sifarişi əsasında aidiyyəti hərrac təşkilatına göndərilir. Hərrac yoluyla əmlakın satışından əldə olunan vəsait aidiyyəti üzrə dövlət büdcəsinə və ya zərərçəkmiş şəxs mövcuddursa, ona köçürülür və bununla müsadirə başa çatmış olur. Müsadirə ilə bağlı məhkəmələr tərəfindən çıxarılan qərarların sayı ilə bağlı isə ayrıca statistika olmadığından bu barədə məlumat verilməsi imkan xaricindədir.” Əmlak Məsələləri Dövlət Xidmətindən isə bildirdi ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən məhkəmə qərarı ilə müsadirə edilmiş və aidiyyəti dövlət qurumlarına təhvil verilmiş əmlaklar istisna olmaqla, digər müsadirə edilmiş əmlakların satışı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi əsasında Əmlak Məsələləri Dövlət Xidməti (Xidmətin tabeliyindəki "Hərracların Təşkili Mərkəzi" Publik Hüquqi Şəxs) tərəfindən hərrac yolu ilə həyata keçirilir. Qeyd edilən normativ hüquqi aktlara uyğun olaraq, 2019-2023-cü ilin 11 ayı ərzində məhkəmə qərarları ilə müsadirə olunmuş 6 ev Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq sifarişləri əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "Hərracların Təşkili Mərkəzi" Publik Hüquqi Şəxs tərəfindən hərraca çıxarılıb. Hərraca çıxarılmış evlərdən 5-i satılıb, 1-i isə hal-hazırda hərracdadır. AYNUR QARA ARİF ƏLİYEV APA TV

Müəllif | Apa.Tv
Apa.tv