Heydər Əliyev Fondu: Oqtay Gülalıyevin müalicəsinə dəstək davam edir
“Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti barədə son məlumat dekabrın 9-da açıqlanıb”.
APA TV-nin məlumatına görə, bu barədə onun müalicəsinin bütün məsrəflərini qarşılayan Heydər Əliyev Fondundan bildirilib.
Azərbaycanın 1-ci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 6-da xüsusi ambulans təyyarə ilə İstanbula yola salınan O.Gülalıyevin müalicəsi Amerikan Xəstəxanasında davam edir.
Ötən ayın 19-da beynində hematoma təmizlənməsi və şunt əməliyyatı aparılan O.Gülalıyevin səhhəti ilə bağlı hər 10 gündən bir Fonda hesabat verilir. Bu hesabatlara əsasən müalicənin dinamikasına uyğun, xəstəyə göstərilə biləcək kömək barədə qərar verilir.
Növbəti 10 günün hesabatına əsasən, koma vəziyyətində olan O.Gülalıyevin ağciyər və qanında infeksiya var və buna uyğun müalicə tətbiq olunmaqdadır. Xəstənin hazırkı vəziyyətini və həkimlərin rəyini nəzərə alan Heydər Əliyev Fondu müalicənin növbəti mərhələsində də müvafiq dəstəyin göstəriləcəyi barədə O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyevanı məlumatlandırıb.
Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsinə kömək göstərmək, ailəsinə çətin günlərində mənəvi dəstək olmağa çalışır.