Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürdü
Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb.
APA TV-nin xəbərinə görə, bu barədə O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.
Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu həyat yoldaşının müalicəsi ilə bağlı məsələlərin həlli ilə məşğul olacaq.
F.Gülalıyeva Heydər Əliyev Fondundan ona zəng edərək, O.Gülalıyevin vəziyyəti ilə maraqlandıqlarını deyib. O qeyd edib ki, Fond Oqtay Güləliyevin müalicəsi üçün Türkiyədən həkimlər dəvət edib.
Neyrocərrahiyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov isə bildirib ki, Oktay Gülalıyevin sabah İstanbula aparılacağı gözlənilir. Onun sözlərinə görə, hələlik vaxt və məkanla bağlı məlumatlar dəqiqləşdirilir: “Hazırlıq işləri gedir. Vaxt və xəstəxana müəyyən edildikdən sonra Oktay Gülalıyev Heydər Əliyev Fondu vasitəsilə Türkiyəyə aparılacaq”.
Baş həkim hüquq müdafiəçisinin vəziyyətinin ağır olduğunu bildirib.
Qeyd edək ki, Oqtay Gülalıyev oktyabrın 29-da saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib. Hazırda müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir.