“Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilib
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və “Sahibkarlar Günü” ilə bağlı İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda Konfrans keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov “Heydər Əliyev ili” ilə bağlı ölkəmizdə və xaricdə həyata keçirilən silsilə tədbirlər, ulu öndərin ölkəmizin inkişafı istiqamətində misilsiz xidmətləri barədə fikirlərini bölüşüb, sahibkarları 25 aprel “Sahibkarlar Günü” münasibətilə təbrik edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov isə video müraciətində ölkəmizdə bazar münasibətləri prinsipləri əsasında iqtisadiyyatın, o cümlədən, özəl sektorun formalaşması və inkişafında Ulu Öndərin rolu, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi barədə danışıb.
O qeyd edib ki, ölkəmizdə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşır, sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik bazası və dəstək alətləri müasir çağırışlar əsasında təkmilləşdirilir, sahibkar-dövlət münasibətləri inkişaf edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Heydər Əliyevin cəmiyyətdə qadınların rolunu yüksək qiymətləndirdiyini, onların müxtəlif fəaliyyət sahələrində ön sıralarda olmasına dəstək göstərdiyini, Azərbaycanda lider və sahibkar qadınların yetişməsinin hazırda bu siyasətin uğurla davam etdirilməsinin nəticəsi olduğunu qeyd edib.
Daha sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin (KOBİA) sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta biznesin inkişafının, KOB-ların iqtisadiyyatda rolunun artırılmasının prioritet istiqamətlərindən olduğunu vurğulayıb, bu sahədə görülən tədbirlər, Agentliyin fəaliyyəti və KOB-lara göstərilən dəstək və xidmətlər barədə məlumat verib.
Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətinə, Azərbaycanın inkişafı və çiçəklənməsi, o cümlədən, sahibkarlığın inkişafı sahəsində gördüyü işlərə həsr olunmuş “Əbədiyyətin ilk əsri. Heydər Əliyev 100” filmi nümayiş olunub.