Heydər Əliyevin 100 illiyinə həsr olunmuş qızıl sikkənin təqdimatı keçirilib
Bu gün “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “100 il və onun fövqündə bir irs” adlı qızıl sikkənin təqdimat mərasimi keçirilib. Mərasimdə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Ümummilli Lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən, onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hərtərəfli inkişafı istiqamətində həyata keçirilən siyasətdən danışaraq, istehsal edilən yeni məhsulun Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramın ifadəsi olduğunu bildirib. Zakir İbrahimov Heydər Əliyevə həsr olunmuş yubiley sikkəsinin öz unikallığı ilə fərqləndiyini bildirib. Belə ki, nəfis tərtibatda dizayn edilmiş, incə naxışlarla zərb edilmiş 999.9 əyarlı qızıl sikkə “Azergold” QSC-nin daha əvvəl istehsal etdiyi qiymətli məhsullardan fərqlənir. O, yubiley sikkəsinin müasir numizmatika sahəsində inqilabi yenilik hesab edilən “Smartmining” texnologiyası əsasında ərsəyə gətirildiyini qeyd edib. Bu texnologiya vasitəsilə sikkə üzərində qeyri-adi, mürəkkəb dizayn elementlərinin dəqiqliklə əks etdirildiyi, qiymətli məhsula üçölçülü qabarıq relyef verildiyi diqqətə çatdırıb. Qeyd edək ki, 1 unsiya çəkidə istehsal edilən yubiley sikkəsi limitli sayda – 200 ədəd istehsal edilib. Qızıl sikkə üzərində Ümummilli Liderin portreti, onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” ifadəsi real səs dalğası və Morze əlifbasında təsvir olunub.
AYNUR QARA ARİF ƏLİYEV APA TV