Həyətində narkotik yetişdirən Samux sakini tutuldu
Baş Narkotiklərlə Mübarizə İdarəsinə tabe olan Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarına Samux rayon Qarabağlar kənd sakini, əvvəllər məhkum olunmuş, Abbas Məmmədovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, keçirilən əməliyyat nəticəsində Abbas Məmmədov saxlanılıb. Onun üzərindən təmiz çəkisi 6,758 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırmalar zamanı onun evində də marixuana saxlaması müəyyən edilib: “Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Abbas Məmmədova məxsus, Samux rayon Qarabağlar kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilib və zirzəmidən 2 ədəd sintetik bağlamada təmiz çəkisi 9 kq 200 qram narkotik vasitə olan “marixuana” eləcədə həyat yanı sahədən iki ədədə çətənə bitkiləri qablaşdırılaraq götürülüb”.
Saxlanılan Abbas Məmmədov illərdir narkotik vasitə istifadəçisi olduğunu həmin marixuananı da həyətyanı sahədə yetişdirdiyini etiraf edib: “Öz istifadəm üçün evimin həyətində əkmişdim. Ondan sonra yığıb evin zirzəmisində saxladım. Birdən polis əməkdaşları məni tutdu. Üzərində istifadə etdiyim bir karopka marixuana deyilən şey var idi. Evə də baxış keçiriləndə özüm səmimi çıxartdım təhvil verdim”.
Faktla bağlı cinayət işi başlanılıb.