Həyətinizdə bu ağac varsa, ömrünüz uzun olacaq

Lənkəran meşələrinin şahı sayılan dəmirağac cənub bölgəsinin vizit kartı hesab edilir. Adı “Qırmızı Kitab” a düşən dəmirağac ölkəmizdə daha çox Talış dağlarında yayılıb. Əsasən subtropik və mülayim iqlimə uyğunlaşan bitki, daha çox meşəlik ərazilərdə yetişir.

Bu ağac xəstəlik və ya zədəsi olmazsa, təxminən 200 il yaşaya bilir. Hündürlüyü 20 – 25 metrə çatan Dəmirağacın gövdəsinin oduncağının sıxlığı nisbətən yüksəkdir. Əsasən su hövzələrinə yaxın, çay kənarlarında bitən, ilboyu vegetasiya dövrü keçirən bu ağacın gövdəsi çox ağır olduğundan suda batır.

Dəmirağacın ən maraqlı xüsusiyyətlərindən biri odur ki, fevral –mart aylarında çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir.

Ağac çiçəklənəndə toxumalarını öz yanlarına yox, təxminən  7 – 8 metr kənara atır. Çoxalma üsulu da əsasən toxumladır. Ancaq bitki pöhrə verməklə də çoxala bilir.

Ağacın materialının möhkəmliyi səbəbindən uzun müddət Dəmirağacdan maşınqayırmada və silah istehsalında istifadə ediblər.

Yerli sakinlər bu bitkini dekorativ məqsədlərlə istifadə etməyi daha üstün tuturlar.

Vaxtı ilə tüfəng istehsalı ilə məşğul olan Nobel qardaşlarını Lənkərana  məhz dəmirağacdan ən yaxşı tüfəng qundaqları hazırlamaq arzusu gətirib. Amma Bakıda fontan vuran neft quyularını görən qardaşlar, tüfəng istehsalını buraxıb, mədənlərə pul yatırıblar.

Qeyd edək ki, Hazırda Dəmirağac ən çox zəngin bitki örtüyü olan Hirkan Milli Parkının ərazisində qorunur. Ümumi ərazisi 40 min 358 hektar olan Hirkan Mili Parkının 20-25 faizini Dəmirağac təşkil edir.

İlkin Rzayev

Rövşən Almazoğlu

APA TV Lerik – Lənkəran

Müəllif | Apa.Tv
Apa.tv