Həzi Aslanovun 110 illiyi məzarı önündə qeyd edilib
Ötən əsrin ən dəhşətli və dağıdıcı müharibəsi sayılan İkinci Dünya müharibəsində faşizmə qarşı qələbənin qazanılmasında xalqımızın müstəsna xidmətləri olub.
APA TV-nin məlumatına görə, bu müharibənin tərkib hissəsi olan Böyük Vətən müharibəsi cəbhələrində Azərbaycanın igid oğul və qızları, elə ilk gündən silaha sarılaraq böyük hünər və rəşadət göstəriblər. Onlardan biri də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Əhəd oğlu Aslanovdur.
Hər il olduğu kimi, bu il də yanvarın 22-də qəhrəmanın şərəfinə Şəhidlər Xiyabanında yerləşən abidəsi önündə tədbir keçirilib. Mərasimdə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Həzi Aslanovun ailə üzvləri, veteranlar, xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərləri, kursantları eləcə də təhsil ocaqlarının və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani iki dəfə Sovet İttifaqı Qəhrəmanının mənalı həyat və şərəfli döyüş yolundan danışıb, Həzi Aslanovun Azərbaycan xalqının ən böyük sərkərdələrindən biri olduğunu qeyd edib. Bildirilib ki, Həzi Aslanovun döyüş yolunun öyrənilməsi gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında böyük əhəmiyyət daşıyır: “Həzi Aslanovun yubileyi il boyu qeyd olunacaq. Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi ilə birlikdə tədbirlər planı tərtib olunub. Silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə xüsusi təşkilat komitəsi yaradılıb. Plana əsasən beynəlxalq konfranslar, tank heyətlərinin yarışları və sair tədbirlər keçiriləcək”.
Həzi Aslanovun nəticəsi Emin Aslanov ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib: “Həzi Aslanovun ailəsi adından cənab Prezidentə minnətdarlığımızı bildiririk. Bu gün bu tədbirin burada keçirilməsi şəhidlərimiz üçün böyük ehtiramdır”.
Sovet İttifaqı Qəhrəmanı Həbibulla Hüseynovun ailə üzvü Elmira Hüseynova isə deyib ki, hər iki qəhrəman cəbhədə uzun müddət çiyin-çiyinə döyüşüb, qələbələri birlikdə qeyd ediblər: “Bizdə Həbibulla Hüseynovun cəbhədən göndərdiyi məktublar var. Orda göstərilir ki, onlar bərabər döyüş yolu keçib və yaxın dost olublar. Həzi Aslanovun ölümünü eşidib üzülən Həbubulla Hüseynov məktubunda həm qəhrəman bir döyüşçünü, həm də dostunu itirməsindən üzüldüyünü yazıb”.
Milli ordunun keçmiş döyüşçüsü Əkbər Muradov Həzi Aslanovun ömür yolunun hər bir gənc üçün dəyərli nümunə olduğunu qeyd edib: “Biz tankçı peşəsinə məhz Həzi Aslanovun qəhrəmanlığından ruhlanaraq gəlmişik. Vətənimizin darda olduğu bir zamanda biz tankçılar da ermənilərə qarşı şücaətlə döyüşmüşük. Çalışmışıq ki, general Həzi Aslanova layiqli davamçılar olaq, biz də Vətənimizin işğalda olan torpaqlarını şərəflə azad edək”.
Qeyd edək ki, Prezident İlham Əliyev 2019-cu il dekabrın 29-da görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.