Həzi Aslanovun və Albert Aqarunovun tankları, aprel şəhidlərinin güllələnmiş pulları – FİLM KİMİ REPORTAJ
26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü... Hər bir azərbaycanlının sevgi və sayğı ilə qeyd etdiyi günü APA TV olaraq Azərbaycan Müdafiə Nazirliyinin nəzdində yerləşən Hərb Tarixi Muzeyində qeyd edirik. Tankların, topların, zenit raketlərinin əhatəsində. Bu gün sizi virtual olaraq muzeyə səyahətə gətirəcəyik.
Muzeyin direktoru, polkovnik Əzizağa Qənizadənin sözlərinə görə, Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyi 1992-ci ilin oktyabrın 29-da “Salyan kazarması” deyilən indiki “Qızıl Şərq” şəhərciyində yaradılıb: “Muzey iki ekspozisiyadan ibarətdir: daxili ekspozisiya və açıq səma altında ekspozisiyadan. Açıq səma altında olan ekspozisiyada Silahlı Qüvvələrimizin Quru Qoşunlarının, Hərbi Dəniz Qüvvələrinin, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiəyə aid hərbi texnikası nümayiş etdirilir”.
12 zaldan ibarət muzey yaradılan zaman 200-ə yaxın eksponatı olub. Zaman keçdikcə muzey genişlənib və eksponatlarının sayı artaraq 11 mini keçib ki, bunlardan da 6 mini açıq şəkildə sərgilənir. Açıq havada sərgilənən eksponatlardan ən diqqət çəkəni İkinci Dünya Müharibəsi zamanı Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 17 nömrəli tankının, eyni zamanda Birinci Qarabağ müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə həlak olan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 533 nömrəli məşhur tankının şərəfinə qoyulmuş simvolik tanklar da yer alır.
Azərbaycanın hərb tarixi qədim dövlətlər olan Manna, Atropatena, Midiya və Albaniya ilə bağlı olduğundan, elə ilk zalda da bu dövlətlərin rəmzləri, onlara aid qədim əşyalar, ox ucları və qədim silahlar nümayiş olunur. Eyni zamanda Atropatenanın qüdrətli sərkərdəsi Atropatın heykəli də muzeyə gələnlərin diqqətini özünə çəkir.
Tədqiqatçı Sevər Həsənovanın sözlərinə görə, Arxeologiya və Etnoqrafiya Muzeyindən biz müəyyən eksponatlar əldə ediblər: “Qədim dövrə aid ox ucları, nizə başlıqları burada nümayiş olunur. Bunlar arasında orijinal eksponatlar da var. Lakin muzeyin emalatxanasında hazırlanan bir sıra maketlər də mövcuddur”.
Muzeyin 1811-1818-ci il bölməsində yerləşən stenddə o dövrə aid əşyalar yer alıb. Elmi işçi Nuranə Nəcəfova bildirib ki, burada Quba soyqırımı həqiqətlərini özündə əks etdirən fotoşəkillər nümayiş olunur. Gəncə xanı Cavad xanın büstü də ziyarətçilərin ən çox marağını cəlb edən eksponatlar arasındadır: “Cümhuriyyətin rəhbəri Məhəmməd Əmin Rəsulzadənin böyük bir portreti yerləşir bu zalda. Hətta Rəsulzadənin şəxsi məktubu da burada sərgilənir. Bundan başqa, Cümhuriyyət dövründə xidmət aparmış piyada və süvari qoşun növünün geyim nümunələri əks olunur. Bura Cümhuriyyət dövrünün silah növü sayılan karabin silahının nüsxəsi daxildir. Azərbaycan Ordusunun Cümhuriyyət dövründə general və polkovniklərinin fotoşəkilləri muzeyə gələn qonaqlara nümayiş olunur”.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə bağlı zalda isə bu dövrü özündə əks etdirən 200-dən artıq eksponat var. Bu eksponatlardan biri də Cümhuriyyət dövründə olan Azərbaycan Ordusunun bayrağıdır. Eyni zamanda burada dövlət atributlarının, o dövrün texnikasının fotoşəkillərindən ibarət stend də nümayiş olunur.
Təqdim etdiyimiz bu bölmə isə İkinci Dünya müharibəsindən bəhs edir. Burada İkinci Dünya müharibəsində çoxluq təşkil etmiş azərbaycanlı əsgər və zabitlərin, veteranların orden və medalları, onlara aid foto və arxiv sənədləri, geyim nümunələri bu zalda nümayiş olunur.
İkinci Dünya müharibəsi dövründə qərargah rəisinin əyləşdiyi otağın maketi, və burada cızılan döyüş planlarının eskizi burada əksini tapıb.
Heydər Əliyev və ordu quruculuğu bölməsi də maraqlı məlumatlarla zəngindir. Burada 533 eksponat nümayiş olunur. Dünya şöhrətli siyasətçi, general Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolar, sənədlər və ona məxsus əşyalar bu zalda qorunur.
Bələdçi-tərcüməçi Bilqeyis Qafarova bildirib ki, muzeyin müstəqillik dövrünə aid bölməsində Qarabağ döyüşləri zamanı istifadə edilən döyüş silah və sursatları, müharibə izlərini özündə əks etdirən fotoşəkillər, geyimlər nümayiş olunur: “Bu stend isə Xocalı stendi adlanır. Burada ermənilərin Xocalıya necə hücum etməsi, dinc əhalini qətl etməsi, şəhərin dörd bir tərəfdən ermənilərin hücumuna məruz qalması göstərilib”.
2016-cı ilin aprel döyüşləri ölkənin müasir hərb tarixinə qızıl hərflərlə yazıldı. Muzeydə ziyarətçilərin ən çox diqqət etdikləri bölmələrdən biri də məhz aprel döyüşlərindən bu günümüzə qalan bir sıra eksponatlardır. Bunlardan şəhid polkovnik-leytenant Sənan Axundovun hərbi geyimi, orden və medalları nümayiş olunur: “Bu stendimiz aprel döyüşlərindən bəhs edir. 2016-cı ildə aprelin 1-dən 2-nə keçən ermənilər üzbəüz mövqelərimizi atəşə tutdular. Həmin döyüşlər zamanı Lələtəpə yüksəkliyi düşməndən azad edildi və Azərbaycanın dövlət bayrağı orada dalğalandı. O zaman 93 hərbi qulluqçumuz həlak olub, 34 nəfər yaralanıb. Həmin hərbiçilərin üzərindən çıxan güllələnmiş pullar, telefonlar, şəxsi əşyalar burada nümayiş olunur”.
Muzeyə il ərzində 10 mindən artıq ziyarətçinin gəldiyini deyən Muzeyin direktoru Əzizağa Qənizadənin sözlərinə görə, bura gələnlər daha çox xarici səfirliklərin nümayəndələri, hərbi attaşelər, tələbələr və rəsmi qonaqlardır: “Muzeyin ərazisi hərbi obyekt olduğundan, bura ziyarətçilərin girişi bir qədər çətindir. Biz istərdik ki, muzeyə ayrıca giriş çıxış verilsə, ziyarətçilər daha rahat şəraitdə, heç kimdən icazə almadan muzeyi ziyarətə gələ bilərlər. Azərbaycan Hərb Tarixi Muzeyinin qapıları hamıya açıqdır və hər kəs gəlib şanlı tariximizlə tanış ola bilər”.
Silahlı Qüvvələr günümüz mübarək! Azərbaycan bayrağının Şuşada, Xankəndidə dalğalanması arzusu ilə
İlahə Vəliyeva
Faiq Həsənov
APA TV