Hikmət Hacıyev: “Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verməyə davam edir"

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Baş Prokuror Kamran Əliyev və digər dövlət rəsmiləri Ermənistanın raket atəşi ilə əlaqədar Gəncə şəhərinə səfər edib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, dövlət rəsmiləri Ermənistanın Gəncə şəhərində raket zərbəsi endirdiyi ərazidə olub, vəziyyətlə yerində tanış olublar.

 

Prezidentin köməkçisi jurnalistlərə açıqlamasında bildirib ki, Prezidentin tapşırığı əsasında bu barbarlıq, bu cinayət beynəlxalq ictimaiyyətin diqqətinə çatdıılacaq.

 

Hikmət Hacıyev bildirib ki, Ermənistan tərəfi müəyyən yalvarışlar edərək, humanitar əsaslarla atəşkəsə çağırışlar edirdi. Bu gün isə onlar dinc əhalini hədəf alıb: “Amma bunun ardınca dərhal Ermənistan Silahlı Qüvvələri çox təhlükəli silahdan – “Toçka-U” sistemindən istifadə edərək Gəncədə insanların sıx toplaşaraq yaşadığı yerləri atəşə tutub. Mülki insanlar arasında ölüm halı var. İndiyə olan məlumata görə, 9-a qədər ölüm halı var və 30-dan artıq insan yaralanıb”.

 

Hikmət Hacıyev əlavə edib ki, hazırda terror aktı ilə bağlı vəziyyət qiymətləndirilir: “Ermənistan tərəfindən yenə də öz silahlı qüvvətlərindən istifadə edərək Azərbaycanın mülki şəxslərinə qarşı bu kimi xain əməllər həyata keçiriləcəyi təqdirdə, Azərbaycan da beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyası əsasında bu hüququ özündə saxlayır ki, legitim hərbi hədəflərə qarşı zəruri tədbirləri görsün”. 

 

Hikmət Hacıyev Gəncədə yerli və xarici mətbuata açıqlamasında Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin “Toçka-U” sistemindən raket atəşinə tutulmasına Rusiyanın reaksiyasının necə olması barədə sualı cavablandırarkən bildirib ki, bu terror aktı Ermənistanın Rusiyaya hörmətsizliyidir.

 

Prezidentin köməkçisi qeyd edib ki, baş verənlər Ermənistanın əsl simasını göstərir. Onun sözlərinə görə, bütün həmsədrlər ötən gecə Gəncədə baş verənlərlə bağlı məlumatlandırılıb, onlara əlavə məlumatlar da təqdim edilib.

 

“Prezidentin də qeyd etdiyi kimi, humanitar atəşkəsin ömrü erməni tərəfinin hansı dərəcədə Moskvada üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılıdır”.

 

Bunu isə Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov deyib.

 

O bildirib ki, Ermənistan öhdəlikləri bu cür xaincəsinə pozmağa davam etsə, deyildiyi kimi, Azərbaycan bütün hüquqlarını özündə saxlayır və bu hüquqlardan istifadə edəcək.

 

“Beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq çərçivəsində sadəcə humanitar atəşkəsə getməklə Azərbaycan bir daha onu təsdiqlədi ki, biz yalnız müharibə yolunu nəzərdən keçirmirik. Biz beynəlxalq ictimaiyyətin xahişlərini nəzərə alaraq, sülhə də bir şans verməyə hazır idik. Və bu şansı da vermişdik. Amma onların bu davranışı göstərir ki, onlar bu şansdan bəhrələnmək niyyətində deyillər”, deyə Elçin Əmirbəyov qeyd edib.

 

Baş prokuror Kamran Əliyev isə bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün bütün imkanlardan istifadə olunacaq. Artıq Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması ilə bağlı cinayət işi başlanıb.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv