Hikmət Hacıyev: “Ermənistan Kim Kardaşyanın xidmətinə müraciət etməli oldu”

“Tovuz istiqamətində təxribatdan dərhal sonra aidiyyəti dövlət qurumlarına zəruri tapşırıqlar verilib”.

 

APA TV-nin xəbərinə görə, bunu bu gün keçirilən mətbuat konfransında  Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

Hikmət Hacıyev deyib ki, məsələyə Təhlükəsizlik Şurasının və Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev tərəfindən tam qiymət verilib: “Hadisələrdən əvvəl Ermənistan yeni irticaçı doktrina qəbul edib. Bu, Ermənistanın təxribat törədəcəyinə dəlalət edirdi. Ermənistanda yeni Milli Təhlükəsizlik Strategiyası qəbul edilib. İyulun 12-də Tovuz istiqamətində postumuza qəfil artilleriya zərbəsi endirilib. Ermənistan UAZ avtomobilinin postlarına yaxınlaşdığını iddia edir. Bu əsassızdır. Azərbaycanın Ermənistanla Tovuz istiqamətində sərhəddə hər hansı hərbi məqsədi yoxdur. Azərbaycanın Ermənistanla həmin sərhədində nəzarətin ordudan Sərhəd Qoşunlarına verilməsinə hazırlıq görülür. Bu, Ermənistanın əvvəlcədən planlaşdırdığı hərbi təcavüzdür”.

 

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistanın məqsədi ilk növbədə diqqəti Ermənistan-Azərbaycan münaqişəsindən yayındırmaq, Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatları, üçüncü tərəfləri münaqişəyə cəlb etmək, Azərbaycanın son dövrlər beynəlxalq səviyyədə apardığı uğurlu işlərə kölgə salmaq idi.

 

Eyni zamanda Şərq-Qərb Nəqliyyat Dəhlizinə, neft-qaz boru kəmərlərinə zərər gətirmək, regionu yeni ekoloji fəlakətlərlə üz-üzə qoymaq, yeni ərazilər işğal etmək, sərhəd boyunca yeni üstünlüklər əldə etmək, Ermənistanda mövcud daxili problemlərdən diqqət yayındırmaq da qarşıya qoyulan məqsəd idi. Ermənistan ordusunda hökm sürən mənəvi deqradasiyanın, aprel və Güngüt əməliyyatlarında vurulan zərbələrin qisasını almaq niyyətləri də vardı. Amma Ermənistan qarşıya qoyduğu heç bir məqsədə nail ola bilmədi.

 

Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq hüquqa görə cinayət məsuliyyəti daşıdığını deyən Hikmət Hacıyev onu da əlavə edib ki, çətin vəziyyətə düşən erməni lobbisi və Ermənistan Kim Kardaşyanın xidmətinə müraciət etməli oldu.

 

Hikmət Hacıyev Metsamor AES-lə bağlı Ermənistanda səslənən fikirlərə də münasibət bildirib: “Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanda mülki obyektlərin, o cümlədən kritik obyektlərin hədəfə alınması gündəmdə olmayıb. Ermənistanın əvvəlki prezidenti “İsgəndər” raketləri ilə Bakı və onun ətrafında yerləşən neft-qaz strukturlarını hədəf alacaqlarını bəyan etmişdi. Son hadisələr zamanı Ermənistan tərəfindən kritik əhəmiyyət daşıyan neft-qaz strukturlarının, kritik obyektlərin hədəfə alınacağı bəyan edilib. Ermənistan tərəfi fərdi əsasda söylənən fikirlərdən öz cinayətlərini ört-basdır etmək üçün istifadə edir”.

 

Hikmət Hacıyev Serbiyanın Ermənistana silah satışı ilə bağlı məsələnin araşdırılması üçün Azərbaycanın Serbiyadakı səfirliyinə müvafiq tapşırıq verildiyini də bildirib: “Serbiya tərəfi məsələni araşdırır. Onlar Azərbaycanın müraciətinə cavab verəcək. Ermənistan bu silahlardan mülki obyektləri hədəf almaq üçün istifadə edir. Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən saxta şirkətlər yaradılır, ucuz qiymətə alınan silahlar üçüncü tərəflərə satılır, bu silahların terrorçuların əlinə keçməsi faktları da var. Ona görə də Ermənistanla bu sahədə əməkdaşlıq edən ölkələri diqqətli olmağa çağırırıq”.

 

Azərbaycanın imitasiya xarakterli danışıqlarda iştirak etmək niyyətində olmadığını deyən Hikmət Hacıyev hesab edir ki, Minsk Qrupunun geniş formatda iclasının keçirilməsinə ehtiyac var: “Erməni lobbisi ABŞ Konqresinə müraciət edib. Konqresdə bəziləri erməni lobbisi ilə əlbir şəkildə hərəkət edir. Onlar tərəfindən təxribat əməlləri həyata keçirilib, ancaq qarşısı alınıb. Konqresdə Ermənistanın təxribatını başa düşən çoxsaylı insan var. Onların bu cəhdləri uğursuzluqla nəticələnib”.

 

Sonda Prezident Administrasiyasının şöbə müdiri düşmənin dezinformasiyalarına uyan insanlara da müraciət edərək bildirib ki, bu kimi hallar heç bir halda qəbul edilə bilməz və Azərbaycan vətəndaşları dəqiq, dürüst məlumatlara istinad etməlidir.

Müəllif | Apa.Tv
Apa.tv