Hikmət Hacıyev: “Ermənistan mina xəritələrini gizlətməklə bərpa prosesinə də mane olur”
4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar tədbir keçirilib.
APA TV-nin məlumatına görə, müzakirələrdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak ediblər.
Universitetin prorektoru Fariz İsmayılzadə tədbirin böyük əhəmiyyət daşıdığını bildirib.
Hikmət Hacıyev Ermənistanın işğaldan azad olunmuş ərazilərdəki minaların xəritəsini Azərbaycana təqdim etmədiyini nəzərə çatdırıb, bununla beynəlxalq hüququ pozduğunu vurğulayıb. Prezidentin köməkçisi nəzərə çatdırıb ki, Ermənistanın işğalı altında qaldığı 30 il müddətində Azərbaycan ərazilərində çoxsaylı minalar basdırılıb: “Bu, Ermənistanın hərbi cinayətlərinin nümunəsidir və Ermənistanın beynəlxalq öhdəliyinə ziddir. Ermənistan tərəfi Azərbaycan tərəfinə minaların xəritəsini təqdim etmir. Azərbaycan mülki əhalisinin hüquqları kobud surətdə pozulur. Bu, etnik təmizləmənin bir təzahürüdür. Minalanmış ərazilərlə bağlı xəritələrin Ermənistan tərəfindən Azərbaycana verilməməsi etibarlı əməkdaşlığın qurulmasına mane olur. Minalar Azərbaycanın məhsuldar torpaqlarında yayılıb və bu da Azərbaycanın dayanıqlı inkişafına mane olur”.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan hazırda minaların təmizlənməsi prosesində BMT təsisatları ilə əməkdaşlıq edir.
Tədbirdə çıxış edən BMT-nin İnkişaf Proqramının Rezident nümayəndəsinin müşaviri Çaru Bist BMT və Azərbaycan arasında ərazilərin minalardan təmizlənməsi sahəsində uğurlu əməkdaşlığın olduğunu vurğulayıb. Ç.Bist qeyd edib ki, 2020-ci ildə dünyada 10 mindən çox insan mina və partlamamış hərbi sursatların qurbanına çevrilib və qurbanların hər 4 nəfərindən biri uşaqdır: “Ona görə də ölkələr bunu əhəmiyyətli məsələ kimi nəzərə almalıdırlar. Minalar mürəkkəb ərazilərdədir. Biz isə fəaliyyətimizi mina və partlamamış sursatlarla bağlı məlumatlandırmaya yönəltmişik. İkinci istiqamət yerli və beynəlxalq qurumlar arasında əməkdaşlığın qurulmasıdır. Biz Azərbaycanla bu cür əməkdaşlığı görürük. Azərbaycanla beynəlxalq təşkilatlar arasında əməkdaşlığın qurulması mühüm nailiyyətlər əldə etməyə imkan verir. Mina və partlamamış sursatlar təmizlənmədən heç bir cəmiyyət dayanıqlı inkişafa nail ola bilməz”.
Çaru Bist həmçinin bildirib ki, Azərbaycanın 1990-cı illərdən BMT-nin dəstəyi ilə minaları təmizləməsi nəticəsində 163 mindən çox köçkünün geri qaytarılmasına şərait yaradılıb: “İki həftə əvvəl yeni sazişə imza atmışıq. Böhranlara Cavab Fondundan 1 milyon dollar yardım ayrılıb. Bu, işçi heyətin xərclərinə və yardımların ayrılmasına yönələcək. Minaları aşkarlayan itlərin təlimi də bura daxildir”.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə bildirib ki, hər sahədə olduğu kimi, biz minalarla bağlı məsələdə də Azərbaycana hər cür dəstək verməyə davam edəcəyik. Səfir qeyd edib ki, Ermənistanın mina xəritələrini bu günə qədər Azərbaycana verməməsi beynəlxalq hüquqa ziddir: “Bu xəritələrin ən qısa zamanda verilməsini tələb edirik. Digər tərəfdən, Türkiyə olaraq işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün də Azərbaycana dəstək veririk. Hazırda ərazidə türkiyəli mina təmizləyənlər də var. Onlar azərbaycanlı qardaşları ilə birlikdə həmin bölgələrin yaşayışa açılması üçün çalışırlar. Həm Türkiyədə, həm Azərbaycanda minatəmizləyənlərin yetişdirilməsi üçün də dəstək veririk”.
Mina Aksiyasına Yardım günü ilə əlaqədar keçirilən brifinqə vidoeobağlantı formatında qoşulan ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov qurumun fəaliyyət göstərdiyi müddətdə ərazilərin minalardan təmizlənməsi sahəsində gördüyü işlər barədə məlumat verib. Samir Poladov nəzərə çatdırıb ki, minatəmizləmə prosesi işğaldan azad olunmuş ərazilərə qayıdış üçün mühüm şərtdir. Hazırda ANAMA-nın mühüm dəyişiklik prosesindən keçdiyini diqqətə çatdırılaraq bildirilib ki, burada əsas vəzifələrdən biri potensial tərəfdaşların seçilməsidir və bu, çox ehtiyatlı bir şəkildə aparılmalıdır. Bu, strateji sahədir və strateji səviyyədə koordinasiya qurulub.
Həmidağa Məcidov,
Üzeyir Ağayev,
APA TV