Hikmət Hacıyev: “İndiyə qədər Ermənistan yaşayış məntəqələrimizə 24 minə yaxın mərmi atıb”

“Dağlıq Qarabağın azərbaycanlı əhalisi erməni əsilli əhali ilə birgə yaşamağa hazırdır”.

APA TV-nin məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib: “Azərbaycan Prezidenti artıq bir neçə dəfə bəyan edib ki, bizim Ermənistanın mülki əhalisi ilə, dinc əhalisi ilə heç bir problemimiz yoxdur. Dağlıq Qarabağın azərbaycanlı icması, azərbaycanlı əhalisi erməni əsilli əhali ilə birgə yaşamağa hazırdır”.

Hikmət Hacıyev Ermənistan tərəfinin hərbi və mülki obyektlər arasında fərq qoymadığını da bildirib: “Beynəlxalq humanitar hüquqa əsasən, hərbi hücumlar təkcə hərbi obyektlərə və orduya qarşı həyata keçirilə bilər. Bu qanunla bütün dinc sakinlər müdafiə olunur. O ana qədər ki, bu dinc sakinlər birbaşa döyüşlərdə iştirak edir. Bu, həmçinin, şəhərlərin, kəndlərin, evlərin və digər mülki obyektlərin bombardman edilməsi və digər vasitələrlə dağıdılmasını qadağan edir”. 

Prezidentin köməkçisi onu da əlavə edib ki, ötən dövr ərzində Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə, mülki obyektlərinə 24 minə yaxın mərmi atılıb. Onun sözlərinə görə, bu kimi addımlar təbii ki, sülh danışıqlarının və münaqişənin dinc yolla həll olunmasının üzərindən xətt çəkir: “Azərbaycan Silahlı Qüvvələri və Azərbaycan rəhbərliyi müvəqqəti humanitar addımlarla bağlı atəşkəsə sadiqdir. Lakin Ermənistan tərəfinin davam edən təxribatları bizi vadar edir ki, öz əhalimizin, dinc sakinlərimizin təhlükəsizliyini təmin edək. Təkcə dünən gün ərzində Azərbaycanın 5 rayonu 229 mərmiyə hədəf olub. Ermənistanın davam edən hərbi hücumları nəticəsində Azərbaycanın yaşayış məntəqələrinə, mülki obyektlərinə 24000-ə yaxın mərmi atılıb, 1046 ev dağılıb, 1063 ev zərər çəkib, bir sıra digər mülki obyektlər də dağıdılıb”.

Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov isə bildirib ki, Ermənistan dinc əhalidən sipər kimi istifadə etmək istəyir: “Onlar yatan dinc əhaliyə ballistik raketlərlə hücum edirlər. Lakin onlardan fərqli olaraq Azərbaycan Ordusu sivilləri hədəf almır. Hazırda cəbhə boyu ərazidə vəziyyət Azərbaycan Ordusunun tam nəzarəti altındadır. Gəncədə baş verənlər tarix kitablarına düşəcək”.

Hüseyn Mahmudovun sözlərinə görə, Azərbaycan Ordusu indiyədək Ermənistana məxsus xeyli sayda tank və digər zirehli texnikaları məhv edib və ya qənimət kimi götürüb: “Azərbaycan Ordusu bu günə qədər Ermənistan ordusunun 300-ə qədər tank və digər zirehli texnikasını, 200-dən çox hava hücumundan müdafiə sistemlərini məhv edib. 38 tank, 16 artilleriya qurğusu və 27 hava hücumundan müdafiə qurğusu Azərbaycan Ordusu tərəfindən qənimət kimi ələ keçirilib. Ermənistanın açıqladığı rəsmi rəqəmlər isə bundan qat-qat aşağıdır. Bu, onun göstəricisidir ki, Ermənistan özünün hərbi texnikasının sayını gizlədir”.

Ermənistanın mülki əhaliyə qarşı törətdiyi terror aktlarına toxunan Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov isə bildirib ki, beynəlxalq ictimaiyyət Ermənistana bildirməlidir ki, bu cür addımlar hərbi cinayətdir: “Gəncə və Mingəçevirə hücumların təkrarlanmaması üçün beynəlxalq ictimaiyyət Ermənistana bildirməlidir ki, bu cür addımlar qəbuledilməzdir və hərbi cinayətdir. Bütün regionda sabitliyin və əmin-amanlığın yaranması üçün Ermənistan bu cür addımları dayandırmalıdır”.

Tədbirdə Ermənistanın Azərbaycan şəhərlərini bombalamasından və dinc sakinləri hədəf almasından bəhs edən sənədli film də təqdim olunub.

Həmidağa Məcidov,

Musa Qulammirzəyev,

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv