Hikmət Hacıyev: “Paşinyanın 20 Yanvar şəhidləri barədə fikirləri cəfəngiyyatdır”

Azərbaycan Prezidentinin köməkçisi – Prezident  Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Baş Naziri Nikol Paşinyanın 20 Yanvar şəhidləri ilə bağlı fikirlərinə münasibət bildirib.

 

APA TV-nin xəbərinə görə, Hikmət Hacıyev deyib ki, Ermənistan tərəfi cəfəng, ziddiyyətli bəyanatlar verir.

 

O, Paşinyanın 20 Yanvar şəhidlərini ekstremist adlandırdığını xatırladıb: “Bu, cəfəngiyyatın bariz nümunəsidir, ondan başqa nə gözləmək olardı? O, Soljenitsını faşist cəlladı, faşist qüvvələrinin tərkibində qulluq etmiş Njde Qareginlə müqayisə etmişdi”.

 

H.Hacıyev 20 Yanvar faciəsinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunduğunu, şəhidlərin xatirəsinin əziz tutulduğunu vurğulayıb: “20 Yanvar beynəlxalq səviyyədə, bütün diplomatik nümayəndəliklərimizdə də qeyd olunur. 20 Yanvar faciəsi ilə bağlı müxtəlif tədbirlər keçirilir, faciə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır”.

 

Prezidentin köməkçisi Azərbaycan və Ermənistanın birinci xanımlarının görüşü barədə təklifin rəsmi Bakı tərəfindən qəbul edilməməsi barədə Ermənistan tərəfinin iddiasına da diqqət çəkib. O deyib ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif cəfəng fikirlər söyləmək əvəzinə ən lazımi və labüd addımları atmalıdır. Bu addım isə Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasıdır: “Münaqişənin həlli populizm obyekti olmamalıdır. Ermənistan işğalçı dövlətdir, 1 milyondan çox qaçqın və məcburi köçkün var. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etmək istəyiriksə, münaqişənin fundamental əsasını təşkil edən amil, yəni işğal amili aradan qaldırılmalıdır. Sonra münaqişənin həllində müxtəlif tədbirlər, o cümlədən müxtəlif etimad quruculuğu xarakteri daşıyan tədbirlərin həyata keçirilməsi kimi məsələlər ola bilər”.

 

Hikmət Hacıyev Avropa Parlamenti tərəfindən Avropa İttifaqının xarici və müdafiə siyasətinin həyata keçirilməsinə dair qətnamədə Azərbaycan Respublikasının ərazi  bütövlüyünün dəstəklənməsinə də münasibət bildirib. O deyib ki, Avropa İttifaqı tərəfindən Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, suverenliyi ilə əlaqədar ardıcıl mövqe nümayiş etdirməsi təqdirəlayiqdir.

Müəllif | Apa.Tv
Apa.tv