Hikmət Hacıyev: “Rusiya tərəfinin izahı bizi tam qane etmir”
“Son dövrlər Ermənistanın silahlandırılması Azərbaycan ictimaiyyətini, dövlətini ciddi narahat edir”.
APA TV-nin məlumatına görə, bunu Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O, qeyd edib ki, bu məsələ Prezident İlham Əliyev tərəfindən Rusiya Prezidenti qarşısında da qaldırılıb: “Müxtəlif istiqamətlərdə Rusiyadan yüklərin daşınması həyata keçirilir və bu, ictimaiyyətimizi narahat edir. Rusiya tərəfinin izahı bizi tam qane etmir. Biz gözləyirik ki, hansı əsaslarla Ermənistanın intensiv silahlandırılmasının davam etdiyinə aydınlıq gətirilsin. Ermənistan Tovuz hadisələri zamanı işğalçılıq siyasətini davam etdirdiyini göstərdi. Guya təyyarələrin tikinti materialları daşıdığı barədə cavab bizi qane etmir. Yük materialları başqa yollarla da daşına bilər”.
Hikmət Hacıyev vurğulayıb ki, Tovuz hadisələrini törətməkdə məqsəd Ermənistandakı sosial, demoqrafik böhrandan erməni ictimaiyyətinin diqqətini yayındırmaqdır.
Prezidentin köməkçisi bildirib ki, Ermənistanın Baş Naziri yenə də münaqişənin və Tovuz hadisələrinin mahiyyətini təhrif edib. Ermənistan münaqişənin hərbi həllinin olmadığını deyirsə, ilk növbədə, işğala son qoymalıdır.