Hindistan Ermənistanı sınaq poliqonu kimi istifadə edir – APA TV
Hindistan Ermənistana 6 ədəd “ATAGS” haubitsası verib, daha 84-nü verməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” saytı məlumat yayıb.
Yerli müdafiə şirkəti Bharat Forge-nin rəhbəri Babu Kalyani bildirib ki, 155 mm-lik haubitsalar avqust ayında təhvil verilib.
Müdafiə sazişi 3 il ərzində Ermənistana ümumi dəyəri 155 milyon dollardan çox olan 90 ATAGS haubitsasının tədarükünü nəzərdə tutur.
Qeyd edək ki, “ATAGS” haubitsasının bu ilin yanvar ayında ilk sınaqları edilib. “Hindustan Times” qəzeti həmin zaman bu silahın uğursuz alındığını və Dehlinin “ATAGS”dan imtina etdiyini yazmışdı. Qəzet ordudakı mənbələrə istinadən onu da əlavə edib ki, Hindistan silahlı qüvvələri “ATAGS” haubitsasının əvəzinə “Dhanush” layihəsi əsasında hazırlanan artileriya qurğularını seçməyə qərar verib. Görünür, Dehli öz silahlanmasına yaraşdırmadığı silahları Ermənistana verməklə metal yükündən xilas olmağa çalışır.