Hirkan Milli Parkında yanğın olub

Hirkan Milli Parkında yanğın baş verib. 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə milli parkın Haftoni meşəbəyliyinin 22-ci dolayında Lənkəran rayonunun Təngivan kəndi ərazisində qeydə alınıb. 

Yanğın barədə Fövqəladə Hallar Nazirliyinin əlaqədar qurumları məlumatlandırılıb. Dərhal yanğın yerinə Lənkəran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və 20-yə yaxın canlı qüvvəsi cəlb olunub. Hirkan Milli Parkının əməkdaşları və kənd camaatı da yanğının söndürülməsində köməklik göstəriblər. 

Əhatə dairəsi 1 hektara yaxın olan yanğın saat 15:10-da tam söndürülüb. Hadisə nəticəsində kol-kos və qismən də ağaclar yanıb. Parkın qalan ərazisi yanğından mühafizə olunub.

Tural Kərimov
Rövşən Əzimov
APA TV

Müəllif | Apa.Tv
Apa.tv