“Hörmətli vətəndaş, sizə birdəfəlik ödəmə təyin edildi” – BU MESAJ NEÇƏ NƏFƏRƏ GÖNDƏRİLƏCƏK?

Koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərin azaldılması məqsədilə tədbirlər planı hazırlanıb.

 

Sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir sıra işlər görüləcək. Həmin işlərdən biri də Dövlət Məşğulluq Xidmətində iş siz kimi qeydiyyatda olan şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsidir.

 

APA TV-nin xəbərinə görə, artıq dünəndən etibarən işsiz şəxslərə birdəfəlik ödənilməsinə başlanılıb. İlk olaraq 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb.

 

Onların işsiz kimi statusları təsdiq edilib və birdəfəlik ödəmədən yararlanmaq şansı əldə ediblər. Həmin şəxslərin qeyd etdikləri mobil nömrələrinə müvafiq SMS-lər göndərilib. SMS-in məzmunu təxmini olaraq “Hörmətli vətəndaş, sizə 190 manat məbləğində birdəfəlik ödəmə təyin edildi. “Azərpoçt”un müvafiq şöbəsinə yaxınlaşıb vəsaiti əldə edə bilərsiniz”-dən ibarətdir.

 

Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edilibsə istənilən poçt şöbəsinə, SMS-də bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətində də işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanılıb.

 

10 min şəxs üçün birdəfəlik ödəmənin bir hissəsi poçt şöbələrinə köçürülüb. Yalnız onların müraciət edərkən telefon nömrəsinə göndəriləcək SMS-də “Azərpoçt” MMC qeyd edilibsə, şəxsiyyət vəsiqələrini mütləq şəkildə təqdim etməklə qurumun ölkə üzrə bütün poçt şöbələrinə müraciət edə bilərlər. Xüsusilə qeyd edim ki, müvafiq qurum tərəfindən onlara ünvanlanan SMS-də banka müraciət etmələri bildirilən şəxslərə birmənalı olaraq poçt şöbələrində adı çəkilən birdəfəlik ödəmə verilməyəcək”.

 

Hazırda birdəfəlik ödəmədən yararlanmaq istəyən vətəndaşların qeydiyyatı prosesi də davam edir. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən üç müraciət növü təqdim edilib.

 

Bunlardan biri E-sosial.az portalında elektron xidmətlər bölməsində vətəndaşların işsiz və işaxtaran kimi qeydiyyata alınması və çıxarılması linkinə daxil olaraq prosesdən keçməsidir. Burada vətəndaşlardan ASAN İmza və elektron imza tələb olunur. Həmin imzaları olmayan vətəndaşlar e-sosial.az portalında onlayn müraciət bölməsindən istifadə edərək öz qeydiyyatlarını həyata keçirə bilirlər. Ümumilikdə isə elektron sistem üzərindən əməliyyatı həyata keçirə bilməyən vətəndaşlar üçün Dövlət Məşğulluq Xidmətinin rayon və şəhər məşğulluq xidmətləri mərkəzləri ilə əlaqə saxlaması prosesi həyata keçirilir”.

 

Həmin vətəndaşlar yaşadıqları ərazi üzrə məşğulluq mərkəzi ilə əlaqə saxlayaraq, müvafiq məlumatları mərkəzin əməkdaşlarına təqdim etməklə qeydiyyatdan keçmək üçün müraciət edə bilərlər.

 

Qeyd edək ki, birdəfəlik ödəmə 200 min nəfəri əhatə edəcək və bunun üçün dövlət vəsaitindən 70 milyon manat vəsait ayrılıb. Ödəmələrin verilməsi gündəlik davam edəcək və qeydiyyata alınan digər işsiz şəxslər də bu ödənişlə təmin ediləcəklər.

 

 

Müəllif | Apa.Tv
Apa.tv