Hülaku xanın arvadı, məlik məzarları və erməniləşdirilən alban kilsələri - REPORTAJ

“Zəfərin izi” ilə çıxdığımız yolda budəfəki səfərimiz yenidən Xocavənd rayonunun Tuğ kəndinədir.

 

APA TV-nin məlumatına görə, Tuğa budəfəki gəlişimizin məqsədi kənddəki Müqəddəs İohann kilsəsini ziyarət etməkdir.

 

Kilsə XIII əsrdə daha qədim məbədin üzərində mail bir ərazidə inşa edilib. Kilsənin qərb divarı tamamilə qayalığa sıxılıb, şərq divarı isə açıqdır. Abidənin ərazisində müxtəlif ölçülü və üzəri ornamentlərlə, insan fiqurları ilə bəzənmiş sənduqələr yerləşir. Müqəddəs İohann kilsəsi ərazisində Dizaq məliklərinə, Qafqaz albanlarına məxsus ailələrin nümayəndələri dəfn olunublar. Burada Məlik Quqaz, Məlik Yeqan, Məlik Aram, Məlik Yesayın məzarları yerləşir. Mən bilmirəm bu daşlardan hansı hansı məlikə məxsusdur. Bu ərazi kilsənin arxa həyətidir. Burada onların məzarları yerləşir. Burada sövmə də olmalı idi. Amma təəssüf ki, biz sövməni tapa bilmirik. Yəqin ki, dağılıb.

 

AMEA-nın Elm Tarixi İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev bildirir ki, Tuğ kəndi işğalda qaldığı illər ərzində ermənilər bu kilsə ilə bağlı tarixi saxtalaşdırmağa çalışıblar: “Kilsənin tikintisində alban memarlığına məxsus çapma daşlardan istifadə olunub və əhəng məhlulu ilə bərkidilib. Yuxarıya diqqət yetirsək, görərik ki, yuxarıda istifadə olunmuş materialla ümumi bu material arasında böyük fərq var. Çünki yuxarıda istifadə olunan material 1990-2000-ci illərə aiddir. Ermənilər bu illərdə kilsəni özününküləşdirməyə çalışıblar. Bunlar ümumi memarlığa daxil deyil. Çünki bu, alban memarlığında olmayan bir məsələdir və rənginə də diqqət yetirəndə, onun bu kompleksə aid olmadığı əyani şəkildə sübut olunur”.

 

Burada müxtəlif qəbir və sinə daşları var. Onların hər birinin üzərində xaç və digər simvollar var. Kilsənin yeganə qapısı cənub istiqamətinə açılır. Kilsənin qərb tərəfdən 1, şərq tərəfdən isə 3 pəncərəsi var. Qəribəsi budur ki, kilsənin yerində yerə döşənmiş qəbir daşları var. Bu sinə daşları yerə döşənib. Əgər bu erməni abidəsidirsə, ermənilər necə rəva biliblər məzarların ayaq altda olmasına? Bu məsələ də var. Kilsənin cənub divarı kvadrat daşlardan inşa olunub. Amma digər divarlar çapma daşlardan tikilib. Kilsənin ətrafı isə qala divarları ilə əhatə olunub.

 

Bu qədim alban abidəsi sovet dövründə klub kimi fəaliyyət göstərib, 30 illik işğal ərzində isə bərpa edilərək erməni kilsəsi kimi istifadə olunub. Müqəddəs İohann kilsəsi sovet hakimiyyəti illərində klub kimi fəaliyyət göstərib. Yerli camaatın danışdığına görə burada filmlər nümayiş olunurmuş və sakinlər gəlib burada həmin filmlərə tamaşa edirlərmiş. Sonradan Tuğ kəndində mədəniyyət evi tikildikdən sonra bura fəaliyyətini dayandırıb. Lakin Tuğ kəndi işğal edildikdən sonra ermənilər buranı bərpa ediblər. Amma Tuğdakı digər alban məbədlərində olduğu kimi, bu kilsənin də altarı əslində alçaq olmalıdır. Yəni 50 sm hündürlüyündə olmalıdır. Lakin görürük ki, altar yenidən inşa olunub və hündürlüyü artırılaraq erməni kilsələrində olduğu kimi, 1 metr hündürlüyünə çatdırılıb. Altarın sağ və sol tərəflərində isə müvafiq otaqlar yerləşir.

 

Tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev bildirir ki, Müqəddəs İohan Kilsəsinin tarixi XIII əsrdən də əvvələ uzanır. Çünki hazırkı tikili köhnə məbədin yerində inşa olunub: “XIII əsrdə qədim məbədlərin üzərində yenilərinin inşa olunması bir növ ənənə halını alır. Bu da monqol işğalları ilə başlı idi. Monqol işğalları Azərbaycanda İslamı zəiflətdi. Bundan sonra Azərbaycanın yerli alban əhalisi öz əski dinlərinə qayıtdılar. Daha sonra XIII əsrdə Elxanilər dövləti yarandı. Hülakü xanın xanımı Doqquz xatun xristianlığa xüsusi imtiyazlar ayırdı. Bu imtiyazlar nəticəsində artıq köhnəlmiş və sıradan çıxmış alban məbədlərinin üzərində yenilənmiş alban məbədlərinin inşasına başlanıldı”.

 

22 metr uzunluğa, 13 metr enə malik olan kilsənin girişindəki daşın üzündə abidənin dam hissəsi 1736-cı ildə arximandrit Qukasın oğlu Məlik Yeqan tərəfindən bərpa olunub: “XIII-XIV əsr alban-xristianlıq ənənələrinə görə, apostollar dördbucaqlı formada olmalıdır. Burda da apostollar dördbucaqlı formadadır. Eyni zamanda günbəz formalı tavanı görürük. Bu da həmin dövrün əsas memarlıq xüsusiyyətlərindən biridir. İkinci bir məsələ isə kilsənin bir hissəsindən yonma daşlardan istifadə olunub. Çox güman ki, bunu bərkitmə işlərində istifadə ediblər”.

 

Qeyd edək ki, Xocavənd rayonunun Tuğ kəndində özündə xristian-alban memarlığının xüsusiyyətlərini əks etdirən Müqəddəs İohann kilsəsi ilə yanaşı, Müqəddəs Stepanos və Anapat məbədi də var.

 

Mirmehdi Ağaoğlu,

Faiq Həsənov,

Sevinc Vaqifqızı

APA TV, Xocavənd

Müəllif | Apa.Tv
Apa.tv