Hüquq müdafiəçisinin avtomobillə vurulduğu an - DİN VİDEO YAYDI
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin qəzaya düşdüyü anın videosu yayılıb.
Baki Şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə oktyabrın 29-da 28 May və Puşkin küçələrinin kəsişməsində qeydə alınıb.
Taksi xidməti göstərən Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent”lə piyada - Bakı şəhər sakini Oqtay Gülaliyevi vurub. Sürücü vurduğu piyadanı dərhal Kliniki Tibbi Mərkəzə çatdırıb.
İlkin tibbi yardımdan sonra yaralı “City Hospital”a köçürülüb, hazırda həkimlərin nəzarəti altındadır, vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilib, sürücünün izahatı alınıb, sərxoşluq və narkoloji müayinələrdən keçirilib.
Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq aparılır.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, Oqtay Gülalıyevə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyulub. Əvvəlcə ailə üzvləri onun əməliyyat olunmasına razılıq verməyib.
Məsələ yalnız “City Hospital”a göndərilən Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərinin onlarla apardığı söhbətdən sonra həllini tapıb.
Oqtay Gülalıyevin müalicəsi və müayinəsi Səhiyyə Nazirliyinin nəzarəti altındadır.