İcazə sisteminin ləğvindən sonra ictimai nəqliyyatda hərəkət necə tənzimlənəcək?

Ölkədə tətbiq edilən xüsusi karantin qaydalarının may ayının 18-dən etibarən yumşaldılması çərçivəsində yaşayış yerini icazə ilə tərk etmə sistemi ləğv edilib.

 

APA TV-xəbər verir ki, bu sistemin ləğv edilməsi isə ictimai nəqliyyatdan xüsusilə metrodan istifadə edənlərin sayının artacağına gətirib çıxaracaq.

 

Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyir ki, metrodan istifadə edən vətəndaşlar mütləq qaydada tibbi maskalardan istifadə etməlidir: “İcazənin ləğv edilməsi artıq o deməkdir ki, Bakı metropolitenində yoxlamalar həyata keçirilməyəcək. Lakin bilirsiniz ki, metropolitenin fəaliyyəti bərpa olunarkən Operativ Qərargahın qəbul etdiyi metodiki göstərişlərə uyğun qurulmuşdur. Burada tibbi maskanın taxılmasının vacibliyi və sosial məsafənin qorunması birmənalı şəkildə qeyd olunmuşdur. Hal-hazırda yoxlama prosesində bu məqamlara xüsusi diqqət olunur. Bundan sonrakı günlərdə bu qayda qüvvədə qaldığı müddətdə mütləq qaydada yoxlanılacaq”.

 

Metroda infeksiyanın daha sürətli yayılma ehtimalını deyən qurum sözçüsü qeyd etdi ki, edilən xəbərdarlıqlara baxmayaraq vətəndaşlar stansiyaya düşdükdən sonra maskadan istifadə etmir:  “Onu qeyd edim ki, bu gün ki və əvvəlki müşahidələrimizə əsasən deyə bilərik ki, sərnişinlərimiz stansiyaya daxil olarkən yoxlama məntəqəsində maskadan düzgün istifadə edərək daxil olurlar. Daha sonra isə platforma və qatarlarda maskanı çənədən aşağı salırlar və yaxud da ki, çıxarırlar. Vətəndaşlara müraciət edirik ki, metro stansiyasını tərk edərkən maskadan istifadə edilməlidir”.

 

Edilən  xəbərdarlıqlara, metropoliten əməkdaşlarının verdikləri tövsiyələrə əməl etməyən sərnişinlər isə az deyil.

 

Qeyd edək ki, stansiyalarda polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən vətəndaşlara qarşı qanun çərçivəsində tədbirlər görüləcək.

 

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə yerüstü nəqliyyatda sıxlığın olmayacağını deyir. Onun sözlərinə görə, ekspress avtobuslar öz fəaliyyətini təyin edilmiş qrafikə uyğun davam etdirəcək. Sərnişin axınını nəzərə almaqla avtobus sayı gün ərzində tənzimlənəcək.

 

İsa İsmayılov

Faiq Həsənov

Müəllif | Apa.Tv
Apa.tv