İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin mətbuat konfransı

"2020-ci ildə 1 147 834 nəfər icbari tibbi sığortanın tətbiq edildiyi 23 inzibati ərazidə fəaliyyət göstərən mərkəzi xəstəxanaların və onların struktur bölmələrinə, habelə Müalicə Diaqnostika Mərkəzlərinə ümumilikdə 4 170 432 dəfə müraciət edib".

 

APA TV-nin məlumatına görə, bunu ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

 

O bildirib ki, bu müraciətlər üzrə 8 339 508 tibbi xidmət göstərilib: "Ümumi tibbi baxışla (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla) 503 381, qan dövranı sistemi üzrə 210 201, tənəffüs sistemi üzrə 179 376, endokrin sistemi, maddələr mübadiləsi və qidalanma pozuntuları ilə bağlı 171 622, sidik-cinsiyyət sistemi ilə bağlı 148 907 müraciət olub. Ötən il icbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə ürək və damar cərrahiyyəsi üzrə 1252 əməliyyat həyata keçirilib. Uşaqlar üzərində ürək və damar cərrahiyyəsi üzrə əməliyyatların sayı 68 olub. O qeyd edib ki, ötən il stasionarda cərrahi profil üzrə 255 538 sayda xidmət göstərilib. Pandemiyaya baxmayaraq, 23 rayon və şəhərdə icbari tibbi sığorta uğurla icra olunub. 256 mindən çox insan dövlət büdcəsi hesabına icbari tibbi sığortadan istifadə edib. Tibb müəssisələrinin dərman və tibb vasitələri ilə təminat sayı artırılıb. Ötən il tibb müəssisələri 334 növ  dərman vasitəsi ilə təmin olunub. Bu çeşidlər daha da artırılacaq. Hər il icbari tibbi sığorta üzrə xidmətlər zərfinin yenilənməsi işlər aparırıq. Hazırda bu işləri yekunlaşdıraraq, aidiyyəti üzrə təqdim etmişik və təsdiqlənəcək. İcbari tibbi sığortanın tətbiq olunduğu stasionar və təcili yardımda bütün dərman təminatı təchiz olunur. Tibbi sərflərin çeşid sayı isə 116-dan 296-ya çatıb. Növbəti ildən isə ambulator yardımda dərman təminatının də xidmətlər zərfinə daxil edilməsini planlaşdırırıq”.

 

Tibbi İddialar Departamentinin rəhbəri Vüqar Qurbanov isə qeyd edib ki, 2021-ci il üçün icbari tibbi sığortanın xidmətlər zərfinə 2800-dən çox xidmət daxildir: "Bu, yalnız tibbi xidmətlərlə bağlıdır. Bura digər müalicə növləri daxil edildikdə, bu say 3000-dən çox olacaq. Xidmətlər zərfinə kardioloji və neyrocərrahi xidmətlər daxil edilib, bura qapalı və açıq ürək əməliyyatları da daxildir".

 

 

Müəllif | Apa.Tv
Apa.tv