İcbari tibbi sığortanın mərhələli tətbiqi müddəti uzadıldı

Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadılıb.

 

APA TV-nin məlumatına görə, bu, Milli Məclisin iclasında “Tibbi sığorta” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Qüvvədə olan qanuna əsasən, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci ildə tamamlanmaq şərti ilə mərhələli şəkildə tətbiq olunmalı idi. Dəyişikliyə əsasən, bu müddət 2021-ci ildə tamamlanmaq şərti ilə mərhələli şəkildə tətbiq olunacaq.

 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, icbari tibbi sığortanın ölkə üzrə mərhələli şəkildə tətbiq edilməsində koronavirusla əlaqədar çətinliklər yaranıb. Ona görə də icbari sığortanın mərhələli tətbiqi ilə bağlı müddətlərə dəyişiklik edilir.

 

Layihə plenar iclasda səsverməyə çıxarılaraq qəbul edilib.

 

Daha sonra deputatlar ölkəmizdə koronavirusun yaratdığı bir sıra problemlərin aradan qaldırılması istiqamətində təkliflər irəli sürüblər.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib ki, Azərbaycanda karantin rejimi elan olunsa da, hüquqi anlayış verilməyib: “Biz mütləq “Karantin rejimi haqqında” qanun qəbul etməliyik. Parlamentin karantin rejimini təsdiq etməsi üçün hüquqi bazamız yoxdur. Biz hüquqi çərçivəni müəyyənləşdirməliyik”.

 

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə bildirib ki, böyük şirkətlər, restoranlar indiki vəziyyətdə işçilərini ixtisara salmamalı və onlara maaşlarını verməlidirlər: “Biz hər şeyi dövlətdən gözləməməliyik. İmkanlı insanlar, böyük şirkətlər bu məsuliyyəti dövlətlə bölüşməlidir. Bu gün kiçik və orta sahibkarları başa düşmək olar. Ancaq böyük şirkətlər və imkanlı insanlar dəstəyini əsirgəməməlidir”.

 

Deputat Vüqar Bayramov isə hesab edir ki, kommersiya banklarından kredit götürən sahibkarlara və vətəndaşlara 3 ay möhlət verilməsi məqsədəuyğundur. “3 ay müddətində kreditlərin gecikməsinə görə faiz və cərimələrin yazılmamasını təklif edirəm. Bununla bağlı dünya təcrübəsində nümunələr artıq mövcuddur” - deyə deputat bildirib.

 

İlahə Vəliyeva

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv
Apa.tv