İçərişəhərdə Ağqoyunlu dövlətinə aid 17 eksponat sərgilənəcək

Ölkə başçısının İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması haqqında sərəncamına uyğun olaraq görüləcək tədbirlər planı artıq hazırlanıb.

 

APA TV-nin xəbərinə görə, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin Aparat rəhbəri Riyad Qasımov deyib.

 

O bildirib ki, bununla əlaqədar həm ölkədə, həm də xaricdə sərgilərin, konsertlərin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur: "Aprel ayında xarici mütəxəssislərin iştirakı ilə beynəlxalq konfrans keçirəcək. Bununla yanaşı, əvvəlki illərdə olduğu kimi, xarici muzeylərlə işlərimizi də davam etdirəcəyik. Aprel ayında İstanbuldan Ağqoyunlu dövlətinə aid 17 eksponat gətiriləcək və oktyabr ayınadək sərgilənəcək".

 

Aparat rəhbəri il ərzində xaricdə də bir sıra tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb: "Bu ilin iyun ayında Parisdə UNESCO-nun mənzil-qərargahında İçərişəhərə aid sərgi, konsert və "Dastan" brendinin nümayişi olacaq. Bu tipli tədbirlər Britaniya, İtaliya və Brüsseldə də keçiriləcək. Həmçinin İçərişəhərdə ilboyu mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub".

 

Riyad Qasımov onu da əlavə edib ki, yaxın aylarda İçərişəhər ərazisində bir sıra tarixi abidələrin restavrasiya və bərpası başa çatdırılacaq. Bunlardan Bakı Xanlar Evi və qədim hamamın aprel ayında bərpadan sonra ziyarətçilərin ixtiyarına verilməsi nəzərdə tutulur.

 

Müəllif | Apa.Tv
Apa.tv