İçərişəhərdə arxeoloji qazıntılar nəticəsində tapılan hamamın açılışı olacaq
“Mədəni-tarixi irsin qorunması və təbliği ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən biridir”.
APA TV-nin xəbərinə görə, bu sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, həmin istiqamətə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi diqqət yetirir: “İdarə olaraq hədəf mədəni-tarixi irsin qorunması, ölkədə və beynəlxalq sahədə onun təşviqi, eyni zamanda “İçərişəhər”in həm turizm məkanı, həm də açıq səma altında muzey kimi inkişaf etdirilməsidir”.
Qoruqda görüləcək işlərindən söz açan idarə rəisi bu il ərzində parkın abadlaşdırılacağını, Bakı xanlarının evinin bərpa, eyni zamanda 2016-cı ildə arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş XVII əsrə məxsus hamamın açılışının olacağını diqqətə çatdırıb: “Həmin hamamın restavrasiyası artıq dekabrın sonunda bitib və parkın açılışı ilə birlikdə hamamın açılışı da olacaq. Bakı xanlarının evində müasir Bakı tarixinə həsr olunmuş muzey istifadəyə veriləcək. İşlər bu ilin ortalarında tamamlanmalıdır”.
Əsgər Ələkbərov qeyd edib ki, muzey müasir texnologiyalar əsasında ziyarətçiləri virtual olaraq Bakının orta əsrlərinə aparan məkan olacaq.
İdarə rəisi həmçinin 2019-cu ildə Qoşa Qala qapısı və divarlarının bərpasının daxili və xarici hissələrində, həmçinin Qala divarının Qoşa Qala qapısından Əziz Əliyev küçəsinə gedən hissəsinin daxili tərəfində təmir-bərpa işlərinin başa çatdırıldığını deyib: “Digər layihələrdən biri də Böyük Qala-3 və Böyük Qala-5 ünvanlarında yerləşən qızalı vəziyyətdə olan yaşayış binalarının bərpası idi. Bu iş də 2018-ci ilin sonlarına yaxın başlanılıb və bu ilin sonuna qədər onun tamamlanmasını planlaşdırmışıq”.
Əsgər Ələkbərov əlavə olaraq ötən il ərzində həmin qəzalı binalarda yaşayan 17 ailənin müvəqqəti yaşayış yerləri ilə təmin olunduğunu, Kiçik Qala küçəsində Qala divarları boyunca yerləşən kafe və restoranların təmiri həyata keçirildiyini vurğulayıb.
İdarə rəisi ötən il ərzində 3040 nəfər rəsmi və qeyri-rəsmi nümayəndə heyəti üçün ekskursiyalar, 3271 nəfərə isə fərdi və qrup turları təşkil edildiyini deyib. Bildirib ki, bundan başqa, hesabat ilində muzeylərdə ziyarətçilərin sayı 383 min 528 nəfər təşkil edib.
Elvin Paşazadə,
Vətən Sadatlı,
APA TV