İDEA Şirvanda “Bizim həyət” layihəsini həyata keçirib
İDEA İctimai Birliyi bölgələrdə ilk dəfə Şirvanda “Bizim həyət” layihəsini gerçəkləşdirib.
APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, “Bizim həyət” məhəlləsinin açılış mərasimində ictimaiyyət nümayəndələri, İDEA İB-in nümayəndələri, Şirvan şəhər rəhbərliyi iştirak edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində Şirvanda 700 nəfərə yaxın sakinin yaşadığı həyət abadlaşdırılaraq istifadəyə verilib.
Yenilənmiş həyət Şirvan şəhəri Energetik küçəsi 9, Leytenant Mahmud İbrahimov küçəsi 8 və 10 saylı binaları əhatə edir.
Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün oyun meydançaları salınıb. Sahəsi 1,5 ha olan həyətin ərazisində 6 ədəd söhbətgah da inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə işıqlandırma dirəkləri, təhlükəsizlik kameraları quraşdırılıb, binaların fasadları və giriş hissələri tam təmir olunub.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 101 ədəd ağac əkilib və yaşıllıq zolağı salınıb.
Qeyd edək ki, sözügedən həyət bu layihə çərçivəsində Bakıdan kənarda abadlaşdırılan ilk həyətdir.