İƏT Gənclər Forumunun nümayəndə heyəti Gəncəyə səfər edib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun nümayəndə heyətinin üzvləri noyabrın 18-də Gəncəyə səfər edib.

APA TV-nin yerli bürosunun məlumatına görə, nümayəndə heyəti cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun rəhbəri Taha Ayhan deyib ki, qurumda təmsil olunan 56 ölkənin və bütün dünyanın müsəlman gəncləri adından Azərbaycanın haqlı Qarabağ savaşında yanında olduqlarını göstərmək üçün ölkəmizə gəliblər. O vurğulayıb ki, erməni vəhşiliyindən bütün Azərbaycan xalqı əziyyət çəkir.

Nümayəndə heyətinə məlumat verilib ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərinin dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri ətrafdakı şəhər və kəndləri, eləcə də cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alıb.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun nümayəndə heyətinin üzvləri erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış  evlərin ətrafına gül düzüblər.

Fuad Nazimoğlu

APA TV

Gəncə

Müəllif | Apa.Tv
Apa.tv