İki günü rayonda keçirənlər Bakıya qayıtdı – POSTLARDA UZUN NÖVBƏLƏR YARANDI
Ölkədə tətbiq edilən sərt karantin rejimindən sonra paytaxtın giriş hissəsində yaradılmış xüsusi postlarda hal-hazırda tıxac yaranıb. Daxili İşlər Nazirliyinin əməkdaşları fasiləsiz olaraq burada xidmət aparır. Rayon qeydiyyatı olan vətəndaşları geri qaytarırlar.
APA TV xəbər verir ki, həftə sonu sərt karantin rejiminin tətbiq olunduğu gün paytaxtdan gedən vətəndaşlar yenidən Bakıya üz tutublar. Nəticədə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 31-ci kilometrliyində quraşdırılmış müvəqqəti karantin postunda uzunluğu 6-7 kilometrə çatan tıxac yaranıb.
Tıxac günorta saatlarına kimi davam edib və 150-dən artıq sürücü, eləcə də vətəndaş geri qaytarılıb. Daxili İşlər Nazirliyinin əməkdaşı Aydın İsayev Bakı qeydiyyatı olan şəxslər barəsində isə inzibati xətalar məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə tətbiq edilib: “Xidmət gücləndirilmiş iş rejimi ilə davam edir. Əgər hansısa Bakı sakinləri, paytaxta yaşayan sürücülər rayon istiqamətinə getsələr hamısına 211-ci maddə ilə protokol tərtib olunacaq. Bu günkü gündə də inzibati protokollar tərtib edilir. Bakı qeydiyyatı olanlar rayona gedirlərsə, əgər portalda adları yoxdursa hamısına protokol tərtib olunur”.
Rayondan qayıdan vətəndaşlar isə müxtəlif bəhanələrlə paytaxta girməyə cəhd edirdilər.
- Rayon qeydiyyatı olan vətəndaşların paytaxta girişinə icazə yoxdur. Məlumatınız yox idi?
- Bilirəm, Bakıya icazə vermirlər. Mən də Bakıya getmirəm. Xaçmaza gedirəm.
- Mən bilirdim icazə yoxdur. Ancaq elə bilirdim ki, burdan gəlib icazə almaq olur.
Paytaxtın giriş hissəsində quraşdırılmış postlardan fərqli olaraq, çıxışda qurulan postlarda o qədər də hərəkət sıxlığı müşahidə edilmir, amma, DYP əməkdaşları burada da fasiləsiz xidmət aparırlar. Şəhər qeydiyyatı olan, rayon qeydiyyatı olmayan vətəndaşları geri qaytarırlar.
DYP-nin əməkdaşı Aydın İsayev bir daha vətəndaşlara müraciət edərək karantin qaydalarını pozmamağa çağırır: “Sürücülərimizə, vətəndaşlarımızdan polis əməkdaşı kimi xahiş edirəm ki, bu xəstəliyə bir az ciddi yanaşsınlar. Ailə üzvləri, uşaqları ilə sıx yerlərə, rayonlara istirahətə getməsinlər. Bu müvəqqəti çətinlikdir. Buna hər birimiz əməl etməliyik”.
Qeyd edək ki, ölkədə karantin rejimi iyul ayının 1-dək davam edəcək. Bu müddət ərzində paytaxta giriş-çıxış məhduddur.
İsa İsmaylov
Əli Ələkbər
APA TV