İki uşaq atasının köməyə ehtiyacı var - SOS
Zamin Quliyev uzun müddətdir qaraciyər sirrozundan əziyyət çəkir.
APA TV-nin məlumatına görə, müsahibimiz deyir ki, bu xəstəlik onda həkimlərin illər öncə yarıtmaz fəaliyyəti nəticəsində yaranıb.
Belə ki, Zamin Quliyev 2007-ci ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasında kor bağırsaq əməliyyatı keçirib. Elə o zaman həkim səhlənkarlığından onun qanına Hepatit-B virusu yoluxub. Elə o gündən də ailənin çətin günləri başlayıb.
Bu illər ərzində Zaminin daxili orqanlarını sıradan çıxaran Hepatit-B virusu onun qaraciyərində sirrozun formalaşmasına gətirib çıxarıb. Hazırda 2-ci dərəcəli qaraciyər sirrozu olan Zamin 1 ay ərzində qaraciyər əməliyyatı olunmalıdır. Əməliyyat üçün isə 50 min manat vəsait lazımdır: “Mən də bir Azərbaycan oğlu kimi, bir oğul atası kimi istəyirəm ki, əvvəlki sağlığıma qayıdım. Ayağa durub oğluma, qızıma dəstək olmaq istəyirəm. Onların yanlarında olmaq istəyirəm. İmkanlı şəxslərdən xahiş edirəm ki, imkan daxilində mənə yardım etsinlər. Mən də əvvəlki sağlığıma qayıdım”.
Əslən Bərdə rayonunun Tağlar kəndindən olan Zamin Quliyev müalicəsi ilə əlaqədar müvəqqəti olaraq Bakıdakı qohumlarının evində məskunlaşıb. Səhhəti ilə bağlı əmək qabiliyyətini itirən ailə başçısı əməliyyat olunub əvvəlki vəziyyətini qayıtmaq istəyir. Həyat yoldaşı Nisə Quluzadə isə ona donorluq etməyə hazırdır: “Onun üçün bütün analizlərdən keçmişəm. Donor da uyğunluq var. Bircə qalıb əməliyyat üçün lazım olan məbləğin toplanmağı. 50 min manat pul lazımdır. Ona görə də, Azərbaycan xalqına müraciət edirəm. İmkanlı şəxslərə, Azərbaycanın mərd oğullarına, Prezidentimizə müraciət edirəm. Bizə kömək etsinlər. 2 körpə balamız var. Birinin 4, o birinin 5 yaşı var. Xahiş edirəm, kimin əlindən nə gəlirsə, imkan daxilində yardım etsin. Yoldaşım yenə əvvəlki sağlığına qovuşsun”.
Zamin Quliyevə yardım etmək istəyənlər bu hesaba pul köçürə və bu nömrə (051-542-02-72) ilə əlaqə saxlaya bilərlər.
Həmidağa Məcidov,
Əli Ələkbər,
APA TV