İlqar Məmmədova 234 min, Rəsul Cəfərova 57 min 400 manat kompensasiya ödənilib
Ali Məhkəmənin Plenumunun qərarına əsasən, REAL sədri İlqar Məmmədov və partiyanın üzvü, hüquq müdafiəçisi Rəsul Cəfərova verilməli olan kompensasiya ödənilib.
APA TV xəbər verir ki, Ali Məhkəmə İlqar Məmmədova mənəvi təzminata görə 234 min manat, Rəsul Cəfərova isə 57400 manat kompensasiya ödənilməsi ilə bağlı qərar qəbul edib.
Hər iki şəxsə kompensasiyası ödənilib.
Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. O, 2018-ci il avqustun 13-də Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb, cəzanın çəkilməmiş hissəsi şərti hesab olunub.
İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov isə 2014-cü ilin avqustun 2-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. R.Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə ittiham elan olunub.
Rəsul Cəfərov Prezident İlham Əliyev 2016-cı il martın 17-də imzaladığı Əfv Sərəncamı ilə azadlığa buraxılıb.