İmişlidə dörd buynuzlu qoç cinsləri saxlanılır
İmişli rayonunun Hacıalmuradlı kəndində Nadir Şirinovun təsərrüfatında uzun illərdir ki, dörd buynuzlu qoçlar saxlanılır və çoxaldılır.
APA TV-nin yerli bürosunun xəbərinə görə, buynuzlar qoyunlara xüsusi gözəllik verməklə yanaşı, digər qoyunlardan da üstünlükləri ilə fərqlənir.
Təsərrüfat sahibi deyir ki, dördbuynuzlu qoyunların bazarda qiyməti çəkisinə görə 250-400 manat arasında dəyişir. Onların həm yaraşıqlı olması, həm də tez çəki yığması digər yerli qoyun növlərinə görə daha tez formalaşır. Biri bəzən 45-50 kiloqram ət verə bilir: “Bu qoyunların xüsusiyyəti belədir ki, ətlik cins heyvandılar, əti dadlı, özləri də soyuğa davamlıdır. Bu il doğulan yeni döllər bu heyvanlardan olacaq. Bu heyvanlara nadir hallarda rast gəlinir, hətta bunların 6 buynuzlusu da var. Bu növlərdən heç yerdə yoxdur, yalnız bizim təsərrüfatda var”.
Maraqlıdır ki, sözügedən qoyunların ərazidə necə peyda olduğunu təsərrüfat sahibləri də bilmir. Onlar bu cinsin Qarabağ ərazisindən gəldiyini hesab edirlər.
Araşdırmalar göstərir ki, dördbuynuzlu qoçlar İngiltərədə dekorativ cins kimi geniş yayılıb. Vətəni Yaxın şərq olan cinsin 3 min il yaşı var və Yaxın Şərqdən İngiltərəyə XVII əsrdə gətirilib.
Əlibəy Zeynallı
Elçin Həsənov
APA TV