İmişlidə karantin qaydalarını pozan 4 sahibkar, 30 sakin cərimələndi

İmişlidə 4 iaşə obyektinin sahibi və 30 rayon sakini xüsusi karantin rejiminin qaydalarını pozduğu üçün cərimələnib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayonda karantin rejiminin qaydalarını qorumaq üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində xidməti vəzifələrini davam etdirir. Polis əməkdaşları 24 saat ərzində küçə və prospektlərdə avtomobillərin səsgücləndiriciləri vasitəsilə operativ qərargahın təlimatını əhaliyə çatdırır.

Eyni zamanda polis əməkdaşları rayon ərazisində fərdi qaydada da xidmətlərini yerinə yetirirlər. Görülən tədbirlərlə yanaşı qaydalara əməl etməyən sakinlərə də rast gəlinir. Qaydalara tabe olmayan sakinlərə polis əməkdaşları tərəfindən xəbərdarlıq edilir.

Sakinlərə izah olunur ki, yalnız zəruri halda 8103-ə mesaj göndərib icazə cavabı aldıqdan sonra evdən çıxa bilərlər. Qaydalar riayət etməyən sakinlər barəsində 100 manat  cərimə tətbiq olunur.

Xüsusi karantin rejiminin qaydalarını pozanlar arasında ictimai iaşə obyektlərinin sahibləri də var. Görülən tədbirlər çərçivəsində ümumilikdə rayon ərazisində icazə almadan hərəkət  edən 30 sakin və 4 ictimai iaşə müəssisəsinin sahibi barədə inzibati xətalar məcəlləsinə uyğun olaraq cərimə tətbiq edilib. 

Müəllif | Apa.Tv
Apa.tv