İmişlidə silsilə oğurluqlar edən şəxslər yaxalandı
İmişlidə silsilə oğurluq edən şəxslər saxlanılıb.
APA TV-nin Mil-Muğan bürosunun verdiyi xəbərə görə, bir qrup rayon sakini bu ilin fevral ayında Polis Şöbəsinə müraciət edərək onlara məxsus evlərdən və avtomobildən oğurluq edilməsi barədə məlumat verib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Samit Bəyalıyev və Lənkəran rayon sakini, əvvəllər məhkum edilmiş 1986-cı il təvəllüdlü Sakit Cəfərov saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər rayon ərazisində yerləşən 2 evdən və 1 avtomobildən qızıl-zinət əşyaları və nağd pul oğurlamaqla vətəndaşlara ümumilikdə 8000 manatdan çox ziyan vurublar.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.