İmtahanların keçirilməsində dəyişiklik olacaqmı? – DİM SƏDRİ AÇIQLADI
“İmtahanların yeni qrafiki yaxın 10 gündə ictimaiyyətə təqdim olunacaq”
APA TV-nin məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlər üçün keçirdiyi onlayn mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Xüsusi Karantin rejiminin uzadılması ilə əlaqədar olaraq Dövlət İmtahan Mərkəzinin işində də yanvar ayından elan olunan qrafikə bir sıra dəyişikliklər edilib.
“Operativ Qərargahın qərarlarına əməl etməliyik. Hazırda Qərargahda olan məlumat budur ki, mayın 4-dən karantin rejimindən tədricən çıxacağıq. Biz də həmin qaydalara uyğun imtahanları yeni qrafiklə ictimaiyyətə təqdim edəcəyik. Bunu dərk etmək lazımdır ki, əsas məqsəd indi sanitar-gigiyenik qaydaları yerinə yetirmək, insanların sağlamlığını qorumaq və həm iştirakçı, həm də imtahanda çalışacaq insanlar üçün heç bir təhlükə yaratmamaqdır” deyə o bildirib.
Məleykə Abbaszadə həmçinin qeyd edib ki, imtahanların onlayn şəkildə təşkil olunması istiqamətində də bir sıra araşdırmalar aparılır.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri imtahanların bir dəfə keçirilməsi məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, həm buraxılış, həm qəbul imtahanlarının bir vaxtda keçirilməsi tapşırılsa onda imtahan bir dəfə olacaq.
Hamının bir dəfə ödənişsiz imtahanda iştirak etmək qaydası isə öz qüvvəsində qalır.