İnam Kərimov: “Gələn ildən subsidiyalar elektron formada veriləcək”
“Mövsümün ən aktual məhsulu pambıqdır, bu il 260 min tondan çox pambıq yığılıb”.
APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov deyib: “Keçən il bizim orta məhsuldarlıq 17,5 sentner idisə, artıq bu il məhsuldarlıq 26 sentnerə çatdırılıb. Bu da, əlbəttə, dövlətimizin bu sahəyə qayğısı və fermerlərimizin əziyyəti əsasında ərsəyə gəlib”.
Nazir əlavə edib ki, həm heyvandarlıq, həm də bitkiçilik sahəsi üzrə 9 ayın nəticələrinə əsasən 7,1 faizlik artım müşahidə olunub, bu ayın statistikası isə tezliklə açıqlanacaq.
O həmçinin vurğulayıb ki, gələn ildən subsidiyaların verilməsində dəyişikliklər olacaq: "Subsidiyalar elektron formada veriləcək və subsidiyaların verilməsi, qeydiyyata alınması elektron kənd təsərrüfatı sistemi vasitəsilə həyata keçiriləcək. Hazırda bütün fermerlərimiz artıq qeydiyyatdan keçib. Gələn il subsidiyalar ancaq elektron qaydada veriləcək".
Xatırladaq ki, 1 noyabr - Azərbaycanda Kənd Təsərrüfatı işçilərinin peşə bayramıdır. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.