İnam Kərimov Xaçmaz və Qubada əkin sahələri və meyvə bağlarına baxış keçirib

Kənd Təsərrüfatı naziri İnam Kərimov Xaçmazda intensiv meyvə baxına baxış keçirib. Bildirilib ki, 24 hektarlıq sahədə yeni intensiv bağ salınıb. Bununla da albalı, armud, şaftalı, gilas meyvələrinin əkildiyi müasir tipli bağın sahəsi 76 hektara çatdırılıb.

Daha sonra nazir Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun Qusarçay təcrübə stansiyasına baş çəkib. 161 hektarlıq nümunəvi təsərrüfatda yüksək məhsuldarlığa və keyfiyyət göstəricilərinə malik, xəstəlik və zərərvericilərə davamlı tərəvəz məhsulları yetişdirilir.

İnam Kərimov həmçinin Xaçmaz sort sınaq məntəqəsinin tikinti işlərinin gedişi ilə maraqlanıb, 2500 ton tutumu olan soyuducu anbara baxış keçirib. Azərbaycanda ilk dəfə Qubada müasir texnologiyaların tətbiqi ilə yaradılan “Ağıllı bağ” layihəsi çərçivəsində görülən işlərlə tanış olan nazirə meyvə bağının becərilməsinin tamamilə avtomatlaşdırıldığı və kompüter idarəetməsi tətbiq olunduğu barədə məlumat verilib.

Daha sonra Kənd Təsərrüfatı naziri İnam Kərimov Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna, “Fermer evi”nə, II Nügədi kəndində yerləşən intensiv bağa baxış keçirib, fermerlərlə fikir mübadiləsi aparıb:

İnam Kərimov hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə ciddi əməl edilməklə bölgələrdə aqrar sektorda fəaliyyətin davam etdirildiyini qeyd edib: “Eyni zamanda, həm rayonlararası, həm də şəhərlərarası ərzaq məhsullarının daşınmasında heç bir problem yoxdur. Biz bu gün Xaçmaz və Quba rayonlarında təsərrüfatlara, kənd təsərrüfatı infrastrukturuna baxış keçirdik. Bildiyiniz kimi, Quba-Xaçmaz iqtisadi rayonu tərəvəz və meyvə istehsalı üzrə ixtisaslaşıb və kənd təsərrüfatı məhsullarının ixracında bu rayonların payı böyükdür. Xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının ixracında heç bir problem yoxdur”.

Nazir qeyd edib ki, bu il sahələrdə məhsulun bol olması fermerlərə öz məhsulunu həm daxili bazarlara çıxarmağa, həm də xarici ölkələrə ixrac etməyə imkan verir.

 

Müəllif | Apa.Tv
Apa.tv