İndiyədək 4 milyon maska istehsal edilib – SUMQAYITDA
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bir qrup KİV nümayəndəsi Sumqayıt Kimya Sənaye Parkında yerləşən tibbi maska istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.
APA TV-nin məlumatına görə, “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan müəssisə Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye Parkının rezidenti statusu verilib. İnvestisiya dəyəri 3,9 milyon manat təşkil edən layihənin reallaşdırılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 mln. manat güzəştli kredit verilib.
Tibbi maskaların qablaşdırılması üçün qutular Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə istehsal edilir. Maskalar qablaşdırmadan öncə xüsusi avadanlıqla əlavə sterilizasiya olunur:
Müəssisədə indiyədək 4 milyon ədəd maska istehsal edilib ki, bu da ölkə üzrə ümumi maska istehsalının 76 faizini təşkil edir. Burada istehsal olunan maska əsasən daxili bazara yönəldilir və daxili bazarda satışa çıxarılır. Artıq 2,2 milyon ədəd maska aptek şəbəkələri vasitəsilə satışa çıxarılıb.
Hazırda müəssisədə 2 növ - adi və baktereloji növ tibbi maska istehsal edilir. Müəssisədə 50-dən çox yeni iş yeri yaradılıb. İstehsal prosesi üç növbəlidir. Müəssisə gündəlik 350 min ədəd maska istehsal etmək gücünə malikdir. Hətta ölkə xaricindən sifarişlər də var, amma...
“Bakı Tekstil Fabriki” MMC- nin təsisçisi Səkinə Babayevanın sözlərinə görə, xaricdən bir çox sifarişlər var: “Biz onları imzalamaq niyyətində deyilik. Çünki əvvəl evin içi, sonra isə çölü. Məsələn dünən bizə gələn sifariş Braziliyadan olub, Almaniyadan böyük bizə tələb var. Lakin biz bunların heç birisinə hə cavabı verməmişik, çünki ölkədə bu strateji bir məhsuldur, və daim Qərargahın birgə olan qərarları ilə bağlı məlumatlarla maraqlanırıq. Görürük ki, ölkə daxilində buna tələbat var hələ ki”.
Gələcəkdə tibbi maska növlərinin artırılması və digər tibbi məhsulların da istehsalı nəzərdə tutulur.
Xatırladaq ki, müəssisə Prezident İlham Əliyevin iştirakı ilə aprel ayının 6-dan fəaliyyətə başlayıb.
Ramil Zeynallı,
Əli Əliyev,
APA TV