İnformasiya müharibəsinə necə düzgün qoşulmalı? - ARAŞDIRMA

İşğal olunmuş torpaqlarımızı azad etmək uğrunda ordumuzun apardığı müharibə diqqəti həm də informasiya müharibəsinə yönəldib.

 

APA TV-nin xəbərinə görə, informasiya müharibəsi ölkənin informasiya sistemlərinin kənar hücumlardan müdafiəsi, eyni zamanda qarşı tərəf üzərində psixoloji üstünlük əldə etmək məqsədilə həyata keçirilən əməliyyatdır.

 

Günümüzdə mübarizənin bu üsulu kifayət qədər dağıdıcı və təhlükəli hesab olunur. Digər mübarizə metodlarından fərqli olaraq, informasiya müharibələri daha geniş spektrdə aparılır və bilinənin əksinə, əməliyyatlar təkcə müharibə dövründə tətbiq edilmir:

 

BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyir ki, istər 2016-cı il aprel hadisələri, istərsə də 2020-ci il Tovuz hadisələri zamanı düşmən müxtəlif fake xəbərləri, dezinformasiyaları bizim media məkanımıza sızdırmaqla bizim informasiya təhlükəsizliyimizə təhdid oluşdurmağa çalışıb: “Sülh şəraitində də informasiya müharibəsi aparılır və biz faktiki olaraq son otuz ildə düşmən tərəfin bizə qarşı mütəmadi və sistemli şəkildə informasiya müharibəsi aparmasının şahidi olmuşuq. Yaxın tarixə müraciət etdikdə, 2014-cü ilin avqust əməliyyatları, 2016-cı ilin aprel əməliyyatları olsun, indinin özü, hətta 2020-ci ilin iyul eskalasiyası, Tovuz döyüşləri olsun, bütün bu dövrlər ərzində düşmən hər zaman müxtəlif fake xəbərləri, dezinformasiyaları bizim media məkanımıza sızdırmaqla bizim informasiya təhlükəsizliyimizə təhdid oluşdurmağa çalışıb. Zaman-zaman da buna nail ola biliblər, amma hazırkı dönəmdə biz deyə bilmərik ki, onlar istədiklərinə nail ola bilirlər. Hətta mən xüsusi bunu vurğulamaq istərdim ki, hazırda biz sözün həqiqi mənasında sistemli və konkret hədəfə yönəlmiş mütəşəkkil informasiya siyasətinin ortaya qoyulduğunun şahidi oluruq”.

 

Bu gün biz gücləndirilmiş informasiya infrastrukturu görürük. Bu sistemin içində gənclər tərəfindən yaradılan könüllü qrupların da rolu az deyil. Onlardan biri müxtəlif kontentlərlə mübarizədə fəal iştirak edən “Karabakh is Azerbaijan!” platformasıdır. “Karabakh is Azerbaijan” platformasının üzvü Urfan Sərkərov deyir ki,  layihənin tək məqsədi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq deyil, beynəlxalq mediada Azərbaycan əleyhinə yayılan dezinformasiyaları da zərərsizləşdirməkdir: “Hazırladığımız videokontentlərdən biri də “Project Nightfall” idi. “Project Nightfall” layihəsi Ermənistanda olmuş bir layihə idi və Azərbaycan haqqında məlumatsız idi. Ermənistana tərəf bir bəyanat yaymışdı həmin layihə. Biz də həmin layihə üçün Ermənistanın gördüyü cinayətkarlıq aktları haqqında ətraflı şəkildə sənədli bir video hazırlayıb göndərdik və 7.8 milyon abunəsi olan bu kanal daha sonra yaydığı bu videonu silməli oldu və Azərbaycan xalqından üzr istədi”.

 

Bu halları görmək və mübarizə aparmaq üçün sosial şəbəkə istifadəçilərinin də üzərinə məsuliyyət düşür. BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlunun sözlərinə görə, xüsusən cəbhədən göndərilən qeyri-rəsmi görüntüləri yaymaqla düşmənə yardım etmək olmaz: “Maksimum dərəcədə həştəqlərdə və kontentdə lakonik olmalıyıq. Nəzərə almaq lazımdır ki, hər sosial media alətinin öz konsepti var. Tvitterdə maksimum dərəcədə qısa, lakonik, lakin hədəfə düzgün istiqamətlənmiş məlumatı paylaşmalıyıq. İkincisi, həştəqlərdə mütləq şəkildə beynəlxalq təşkilatların adını taq etmək olar və beynəlxalq media orqanları, məsələn, BBC, CNN, Euronews olsun, müxtəlif aparıcı media orqanları var, “New York Times”dan tutmuş, elə fransız mediası, Fransa qəzetlərini taq etmək olar. Və həmçinin kontent birmənalı şəkildə xarici dillərdə çatdırılmalıdır”.

 

“Karabakh is Azerbaijan” platformasının üzvü Urfan Sərkərovun sözlərinə görə, tvitter marafonunda ölkədə olan gənclər də aktiv iştirak edirlər: “Hazırda platformamızın təşkil etdiyi “event”lər var, bunlardan biri Tvitter marafonudur. Tvitter marafonunda ölkədə olan gənclər də aktiv iştirak edirlər. Ölkə daxilində də əməkdaşlıq elədiyimiz gənclər var. Burada yüz mindən çox gəncdən söhbət gedir və özümüzün də 50 mindən çox platforma üzvümüz. Bu gənclər gündəlik seçilmiş mövzulardan və təyin edilmiş mövzularda tvitlər atırlar. İkinci Qarabağ müharibəsi başlayan gündən etibarən biz 150 mindən çox gəncin iştirakı ilə 4 milyon tvit atmışıq və bu tvitlər 2 milyarddan çox insana çatıb”.

 

Bir daha qeyd edək ki, şəbəkələrdə təsdiqlənməyən məlumatları və görüntüləri yaymaq informasiya müharibəsinə qoşulmaq deyil. Əksinə, bu addım ümumi prosesə ciddi maneə törədir. Rəsmi mənbələrə istinad etmək, Müdafiə Nazirliyinin təqdim etdiyi qaydalara əməl etmək vacibdir.

 

İslam Qədirli

Musa Qulammirzəyev

İlahə Vəliyeva

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv