İnzibati həbs olunanlarla görüş keçirilib
Daxili İşlər Nazirliyinə Bilavasitə Tabe Olan İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində xüsusi karantin rejimini pozan, avtoxuliqanlıq hərəkətləri edərək polisin qanuni tələblərinə əməl etməyən və barələrində məhkəmələrin qərarı ilə həbs qərarı verilən şəxslərlə görüş keçirilib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, karantin qaydalarını pozan, avtoxuliqanlıq hərəkətləri edən bu şəxslərin hər birinə 15 sutkadan 1 aya qədər müddətdə inzibati həbs cəzaları verilib. Saxlanılma Məntəqəsində keçirilən görüşdə avtomobillə cəmiyyətə açıq hörmətsizlik ifadə edən, mövcud karantin qaydalarını pozan şəxslərin hər biri ilə fərdi profilaktik söhbətlər aparılıb.
Görüşdə törətdikləri əməllərə görə cəza alan şəxslər bu hərəkətlərindən peşman olduqlarını, digər sürücülərə diqqətli olmağı, karantin qaydalarına əməl etməyi tövsiyə ediblər.