İran ABŞ-ın danışıqlar təklifini rədd etdi

İran ABŞ-ın danışıqlara başlamaq təklifini rədd edib.

APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, İranın BMT yanında daimi nümayəndəsi Məcid Təxt-Rəvançı ABŞ-ı qurumda təmsil edən həmkarı - xanım Kelli Kraftın regionda gərginliyin aradan qaldırılması üçün ölkəsinin İranla heç bir ön şərtsiz danışıqlara başlamaq təklifinə belə reaksiya verib.

M.Rəvançı bildirib ki, ABŞ-ın əməkdaşlıq təklifini qəbul etmək mümkün deyil, çünki Vaşinqton İrana qarşı sanksiyalar tətbiq edir. O, təklifi ağlasığmaz adlandırıb: “ABŞ düşmənçiliyi davam etdirdiyi müddətdə danışıqların heç bir mənası yoxdur. Presedentsiz sanksiyalar beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir”.

Xatırladaq ki, yanvarın 3-də Bağdad aeroportunda ABŞ-a məxsus pilotsuz uçuş aparatından endirilən zərbələr nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı general Qasım Süleymani və İraqın şiə könüllülərdən ibarət “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis də daxil olmaqla, 10 nəfər öldürülüb.

İran buna cavab olaraq ABŞ-ın İraqdakı 2 hərbi bazasına raket zərbələri endirib. ABŞ tərəfi itki verməyib.

 

Müəllif | Apa.Tv
Apa.tv