İran ərazisindən Ermənistana silah və hərbi texnika daşındığını əks etdirən videolar yayılır
Sentyabrın 27-dən Azərbaycan işğal olunmuş əraziləri uğrunda Vətən Müharibəsinə başlayıb. 26 illik atəşkəs rejiminin və danışıqlar prosesinin nəticəsizliyindən bezən Azərbaycan xalqı milli qüruru uğrunda ölüm-dirim savaşına qalxmağa qərar verib. Xalq-Ordu-Dövlət birliyinə arxalanan Azərbaycan sona qədər getməkdə və yağı tapdağı altındakı torpaqlarını azad etməkdə qərarlıdır.
Təbii ki, belə bir məqamda xalq və dövlət olaraq dostlara ehtiyacımız var. Daha dəqiqi, indiki həssas məqamda özünü Azərbaycanın dostu sayan dövlətlərin dostluğu da sınaqdan keçir. Artıq xalq və dövlət olaraq “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”, “təmas xəttində gərginliyin artmasından narahatıq”, “tərəfləri atəşi dayandırmağa çağırırıq” kimi şablon cümlələrdən doymuşuq. Dost və qonşu dövlətlərdən konkret məqamda konkret dəstək gözləyirik. Türkiyə, Pakistan, Ukrayna və Gürcüstan kimi. Məsələn, xristian ölkəsi olan Gürcüstan Azərbaycanla strateji müttəfiqliyə sadiqliyini bu günlərdə açıq şəkildə göstərdi. Rəsmi Tbilisi Gürcüstan ərazisi vasitəsilə Ermənistana silah-sursat və digər yardımların göndərilməsinə icazə vermədiyini rəsmən açıqladı.
Eyni ifadəni müsəlman İran İslam Respublikası haqqında da demək istəyərdik. Təəssüf ki, İran ərazisindən Ermənistana silah və hərbi texnika daşındığını göstərən yeni video görüntülər yayılır (sinxron) Videolardan görünənə görə, İran ərazisindən keçməklə Ermənistana silah, hərbi texnika və hərbi təyinatlı maşınlar daşınır. Yəni xristian Gürcüstanın göndərilməsinə icazə vermədiyi silah-sursat və hərbi texnika müsəlman İran ərazisi vasitəsilə Ermənistana və separatçı Dağlıq Qarabağ ərazisinə daşınır.
Buna etiraz edən İranda yaşayan azərbaycanlıların həmin maşınlardan bir neçəsini yandırdığına dair videolar paylaşılır. İran rəsmiləri isə bu görüntülərə izah verməsələr də, İrandan Ermənistan ərazisinə silah daşınmadığını deyirlər. Azərbaycanın işğal olunmuş ərazilərindəki məscidləri, ziyarətgahları donuz tövləsinə çevirən ermənilər bu silahlarla müsəlman Azərbaycan əsgərlərini öldürür, yeni ərazilərimizi işğal edib abad məscidlərimizi xarabazara çevirmək istəyir.
İran hər zaman Azərbaycanla dost və qardaş olduğunu, ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayır. Azərbaycan da eynisini deyir. Amma Azərbaycan təkcə demir, həm də bunu əməldə göstərir. Necə deyərlər, sözünün də, əməlinin də ağası olur. Bütün dostlara sədaqət, etimad və etibar arzusuyla...