İran vətəndaşları 16 kq narkotik və silah-sursatla tutuldu – BİLƏSUVARDA ƏMƏLİYYAT
Biləsuvarda İran vətəndaşlarından 16 kiloqram narkotik vasitə və silah-sursat götürülüb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Arazbarı kəndi ərazisində İran İslam Respublikasının vətəndaşları Rövşən Nusrəti və Rəsul Modiri saxlanılaraq rayon polis şöbəsinə gətirilib:
DİN əməkdaşı Ağgül Həmdizadənin sözlərinə görə, polis şöbəsində onların əlində olan qara çantaya baxış keçirilərkən oradan 5 kiloqram 500 qram narkotik vasitə heroin, 5 kiloqram 300 qram narkotik vasitə tiryək, 5 kiloqram 600 qram psixotrop maddə olan metamfetamin, 1 ədəd “Makarov” tipli tapança, həmin silaha aid 6 ədəd patron, 1 ədəd qaz balonu və 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb.
Saxlanılan şəxslərin sözlərinə görə, narkotik vasitəni İran vətəndaşı olan “Əli” adlı şəxsin sifarişi ilə qaçaqmalçılıq yolu ilə ölkəmizə gətiriblər. Onlar narkotik vasitəni əvvəlcədən müəyyən edilən yerdə gizlədəndən sonra geri qayıtmalı imişlər.
Faktla bağlı əməliyyat tədbirləri davam etdirilir.