İran vurulan təyyarəyə görə Ukraynaya heç bir sənəd təqdim etməyəcək
İran vurulan təyyarəyə görə Ukraynaya heç bir sənəd təqdim etməyəcək
İran Tehran yaxınlığında səhvən vurulan sərnişin təyyarəsinə görə Ukrayna ilə əməkdaşlığı dayandırır.
APA TV-nin BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə hadisənin araşdırılması ilə bağlı İranda yaradılan istintaq qrupunun rəhbəri Həsən Rızeyfar bildirib.
“Biz artıq Ukrayna tərəfinə heç bir sənəd təqdim etməyəcəyik”, - deyə o bildirib.
Əməkdaşlığın dayandırılmasına Ukrayna mətbuatına iranlı pilotla hava hərəkəti idarəsi arasında danışığın sızdırılması səbəb olub. Güman edilir ki, səs yazısı təyyarənin vurulduğu an qeydə alınıb. Səs yazısında pilot göydə raket atəşinə bənzər bir işıq gördüyünü və daha sonra partlayış olduğunu iddia edir.
Ukrayna Prezidenti bildirib ki, bu səs yazısı İranın ilk saatlardan etibarən Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı məlumatlı olduğunu göstərir.
Qeyd edək ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinin yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması barədə məlumat yayılıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub. İran tərəfi əvvəlcə hadisə ilə bağlı heç bir məsuliyyət daşımadığını deyib. Daha sonra İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğuna dair bəyanat yayıb.