İrandan gətirilən külli miqdarda narkotiki satmaq istəyən qardaşlar tutuldu – 3 TAPANÇA VƏ...

Azərbaycan ərazisinə gətirilən külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qara bazarda satılmasının qarşısı alınıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdiyi tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Aqil Salmanov Nərimanov rayonunda saxlanılıb.

 

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 kiloqram 98 qram narkotik vasitə heroin və 519,789 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq məlum olub ki, ona narkotik vasitələri satmaq məqsədilə qardaşı, əvvəllər məhkum olunmuş Kamil Salmanov verib. Baş İdarə əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı o da tutularaq məsuliyyətə cəlb edilib.

 

Hər iki qardaşın Nərimanov rayonunda yaşadıqları evə baxış zamanı 12 kiloqram 360,737 qram heroin, 2 kiloqram 277,334 qram metamfetamin və 1 ədəd elektron tərəzi, həmçinin evə baxış zamanı Salmanov qardaşlarına məxsus 3 ədəd tapança, 2 ədəd patron darağı və 24 ədəd patron aşkar olunaraq götürülüb. Bu əməliyyat nəticəsində isə Baş İdarənin əməkdaşları tərəfindən 17 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb. 

 

Araşdırma zamanı müəyyən olunub ki, Kamil Salmanov bir müddət əvvəl hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Bakı şəhəri Yasamal rayonu ərazisində qəbul edib. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər narkotik vasitələri paytaxtın müxtəlif nöqtələrinə qoyaraq, həmin yerlərin şəklini çəkib “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə İran vətəndaşına göndəriblər. Onlayn yolla müştərilər pulu iranlının hesabına yükləyəndən sonra isə narkotik vasitələrin yerləşdirildiyi məkanların şəkilləri onlara ötürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb, Aqil və Kamil Salmanovlar tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv