İrandan ölkəmizə külli miqdarda narkotik keçirən şəxs tutuldu
İrandan ölkəmizə qaçaqmalçılıq yolu ilə 25 kiloqramdan artıq narkotik vasitə, psixatrop maddə və narkotik tərkibli həblər keçirən əcnəbi vətəndaş saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən İran vətəndaşı Sadeq Şəfii rayon ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə onun Çaylı kəndi ərazisində yolun kənarında gizlətdiyi narkotik vasitələr də müəyyən edilib. Həmin şəxsin gizlətdiyi çantadan ümumilikdə 22 kiloqramdan artıq heroin, 2 kiloqram 630 qram metamfetamin, 3100 ədəd metadon və tramadol həbləri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.