İrandan ölkəmizə narkotik keçirən şəxslər tutuldu - 113 KQ-DAN ÇOX NARKOTİKLƏ

İrandan ölkəmizə külli miqdarda narkotik keçirən şəxslər saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları əldə etdikləri məlumat əsasında əməliyyat keçiriblər. Nəticədə Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Enibar İsmayılov və İran İslan Respublikasının vətəndaşı Əli Şəhriyari İmişli rayonu, Bəhrəmtəpə-Biləsuvar magistral yolunda saxlanılıblar.

 

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ağgül Həmdizadənin sözlərinə görə, axtarış zamanı saxlanılan şəxslərdən 113 kiloqramdan artıq narkotik aşkarlanıb: “Baxış zamanı onların üzərində olan bağlamalardan 94 kiloqram 673 qram narkotik vasitə olan heroin, 646,401 qram tiryək, 950 qram həşiş qətranı, 10 kiloqram 100 qram qurudulmuş marixuana, 7 kiloqram 153 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.  Tədbir zamanı İran vətəndaşından həmçinin 1 ədəd üzərində “Sur-2608” sözləri yazılmış tapança, həmin silaha aid sandıqça, 10 ədəd patron, eləcə də 1 ədəd uzaqgörmə cihazı aşkar olunaraq götürülüb. Əməliyyat zamanı ümumilikdə 113 kiloqram 523 qram çəkidə narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb”.

 

Araşdırma zamanı müəyyən olunub ki, bu şəxslər şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə külli miqdarda narkotik vasitəni Araz çayı üzərindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçiriblər. Əli Şəhriyari və Enibar İsmayılov İran vətəndaşının İmişli rayonunda qeyd etdiyi yerdə narkotik vasitələri gizlədəndən sonra geri qayıtmalı imişlər.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv